"Mediaya açıqlıq hər bir deputatın mənəvi borcudur"-Fazil Mustafa

Bölmə: Sosial › ,
Tarix: 11:52 05.08.2024

Qarşıdan növbədənkənar parlament seçkiləri gəlir. Sevindirici haldır ki,  vətəndaşlar  seçki qabağı bəzi deputatların üzünü bir dəfə olsa da, görəcəklər və  bu görüş növbəti seçkilərə qədər kifayət edəcək. 

Bəs deputatlar Vl çağırış Milli Məclisin fəaliyyətini necə qiymətləndirirlər ?


Mövzu ilə bağlı Vl çağırış üzrə deputat Fazil Mustafa "informator.az"a açıqlamasında bildirib ki,  Milli Məclisin fəaliyyətindən razı qalmaq üçün Milli Məclisin funksiyalarını bilmək lazımdır:


"Milli Məclis qanunverici orqandır. Milli Məclis hansısa bir icra funksiyasını yerinə yetirməlidir, deyə düşünənlər icra orqanları ilə Milli Məclisin səlahiyyətlərini qanunverici orqanın səlahiyyətlərini bir birindən ayıra bilmirlər. Əslində çox adam Milli Məclisə müraciət edir. Müraciətlərin 80%-i  biləvasitə qanunverici orqana aid məsələ deyil. Bunların əksəriyyəti icra orqanı ilə bağlı məsələdir. İcra orqanlarının fəaliyyətində durğunluq varsa, hansısa problemi həll etmirlərsə, bu başqa məsələdir. Milli Məclis yalnız bu quruma müəyyən dərəcədə vətəndaşların müraciətlərini yönəldir. Və ondan bunu həll etmək üçün müəyyən şəkildə xaiş edir və ya tələblər qoyur. Əgər bu yerinə yetirilmirsə, bu Milli Məclisin üzərinə yönələn ittiham olmamalıdır.
VI çağırış Milli Məclis ən məhsuldar Milli Məclis sayıla bilər. Burada iki faktora xüsusi diqqət yetirmək lazımdır:

Birinci çağırışda pandemiya dövrünün iki il çətinliyini Milli Məclis elə şərtlərdə həll etdi ki, bunu çox adam təsəvvürünə gətirə bilməz. Milli Məclisin bir dəfədə istinasız iclasının təxirə salmaması, bütün qanunvericilik fəaliyyətini davam etdirməsi, aparatın işləməsi olduqca önəmli idi. Bu işin öhtəsindən Milli Məclis gələ bildi.
İkinci isə Milli Məclis 44 günlük savaş və bir günlük antiterror əməliyyatı dövründədə zəruri bütün addımlarının atılmasınada öz köməkliyini göstərdi. Qanun layihələrin qəbul olunması, şəhid ailələri, qazilərlə bağlı problemlərin həlli və onların müəyyəm dərəcədə icra qurumları ilə bir yerdə müzakirə olunaraq həyata keçirilməsində operativ addım atdı. Büdcənın təsdiq olunması üçün çox ciddi müzakirələr apardı. Media haqqında, siyasi partiyalar haqqında, rəqabət məcəlləsi kimi qanunlar qəbul olundu. Yəni bunların hammısı VI çağırış Milli Məclisin gördüyü mühüm işlərin silsiləsindəndir. Bu məsələdə hər hansı bir şəkildə Milli Məclisin qınanması mümkün deyil, çünki kifayət qədər ciddi fəaliyyəti ilə seçilən qanunverici orqanından söhbət gedir".


Eyni zamanda deputat həmkarlarının Mediaya olan münasibətlərinə də aydınlıq gətirib:

"Mediaya açıqlıq hər bir deputatın özünün mənəvi borc məsələsi kimi baxılmalıdır. Yəni ki, deputat cəmiyyətə açıq olmalıdır. Lakin elə deputatlarda var ki mediaya  acıq görünmür, ancaq beynəlxalq təşkilatlarda çox böyük işlər görür. Ona görə bu məsələyə faydalılıq prinsipi ilə  baxılmalıdır. Yalnız mediada danışmaq, görünmək kifayət edici deyil. Əsas məsələ,  iş görməkdir. Elə deputatlar var ki, onların gördüyü işi ölçmək belə mümkün deyil. Xüsusi ilə beynəlxalq təşkilatlarda çalışan millət vəkillərinin debatlarda ortaya qoyduqları performans çox önəmlidir.
Hər halda deputatlar mediaya açıq olmalıdırlar. Biz də  bunun tərəfdarıyıq. Həm jurnalistlər, həm də  ictimaiyyət vaxt aşırı məlumatlandırılmalıdır. Əks halda bu bir qədər insanlarında etimadını doğrultmamağa gətirib çıxara bilər".

 

Vüqar Alışov