İstirahət mərkəzlərində təhlükəsizlik üçün hansı tədbirlər görülür?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 17:13 05.08.2024

Havaların istiləşməsi ilə əlaqədar istirahət mərkəzlərinə üz tutan insanların sayı xeyli artır.

Bəs baş verə biləcək bədbəxt hadisələrdən qorunmaq üçün istirahət mərkəzlərində təhlükəsizlik necə təmin olunur?



Bu barədə təhlükəsizlik eksperti Orxan Musayev "informator.az"a açıqlamasında bildirib ki, istirahət mərkəzlərində xilasedicilər mövcud olmalı və insanların boğulma hallarında dərhal müdaxilə edərək qarşısını almalıdır :



"İstirahət mərkəzlərində insanların təhlükəsiz və sağlam şəkildə istirahət etmələri üçün münbit şərait yaradılmalıdır. Belə ki, istirahət zamanı insanların səhhətində hər hansısa bir pozulma, narahatçılıq halları baş verərsə bunun üçün tibb məntəqəsi mövcud olmalı, insanlara zəruri ilkin tibbi yardım göstərilməlidir. Bundan əlavə olaraq istirahət mərkəzlərində mövcud olan hovuzlar, su obyektləri və bu obyektlərdən istifadə edən insanların təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. İstirahət mərkəzlərində xilasedicilər mövcud olmalı və insanların boğulma hallarında dərhal müdaxilə edərək qarşısını almalı, səhhətində hər hansısa bir pozulma varsa bununla bağlı tibb məntəqəsinə müraciət olunmalıdır".



Təhlükəsizlik eksperti bu tədbirlərin görülməsinin istirahət mərkəzi rəhbərinin üzərinə düşən öhdəlik olduğunu da qeyd edib:

"Bütün bu tədbirlərin görülməsi və təşkil olunması istirahət mərkəzi rəhbərinin üzərinə düşən bir öhdəlikdir. Bu öhdəliyin məsuliyyətini dərk edərək obyekt sahibləri bütün bu təhlükəsizlik qaydaları ilə bağlı tədbirləri təşkil etməli və işlək vəziyyətdə olmasına nəzarət etməlidirlər. Bir çox hallarda istirahət mərkəzlərində insanların səhhətində hər hansı bir pozulma baş verərsə bununla bağlı ilk tibbi yardım əlçatmaz olur. Lakin bütün bu xidmətlər əlçatan və insanların müraciət etməsi üçün əlverişli bir yerdə təşkil olunmalıdır. Bu cür hallara qarşı mütləq nəzarət tədbirləri görülməlidir. İnsanların təhlükəsizliyi istirahət mərkəzi sahibkarlarının ən birinci düşündüyü məsələ olmalıdır. Öncə təhlükəsizlik məsələləri təmin olunmalı , sonra insanların komfortlu istirahət etməsi üçün şərait təşkil olunmalıdır".


Aslanova Fatimə