Baş ağrısını yaradan amillər və qarşısının alınması yolları -Həkim AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 22:27 05.08.2024

Gündəlik həyatda insanların ən çox rastlaşdığı ağrılardan biri baş ağrısıdır. Stress, yorğunluq, gərginlik və digər səbəblər baş ağrılarına səbəb olur.


Bəs baş ağrısı zamanı nə etməliyik?


Mövzu ilə bağlı həkim-nevroloq Qalib Əsədov informator.az-a açıqlama verib. Onun sözlərinə görə, baş ağrısı bütün dünyada həkimə müraciətlərdə ən çox dilə gətirilən şikayətdir:

"Baş ağrıları simptomatik və birincili olmaqla iki əsas qrupa bölünür. Simptomatik baş ağrısı dedikdə onun hər hansı bir xəstəliyin şikayəti kimi meydana çıxması nəzərdə tutulur. Məsələn, ümumi soyuqdəymənın əlamətlərindən biri də baş ağrısı ola bilər. Birincili baş ağrısı dedikdə isə müstəqil bir xəstəlik nəzərdə tutulur və bu xəstəliyin müalicəsi üçün spesifk yanaşma tələb olunur.

Həkimə nə zaman müraciət etməli?
Tez-tez təkrarlanan baş ağrıları zamanı
Qəfləti başlayan kəskin baş ağrıları
Huşsuzluqla müşayət olunan baş ağrıları
Baş ağrısı ilə birlikdə ənsə nahiyəsində bərkimə hiss edənlər,
Baş ağrısı nəfəs darlığı, göz, qulaq, burun və ya boğaz ağrıları ilə müşayiət olunarsa,
Yorğunluq, halsızlıq, danışmaqda çətinlik çəkmək və s. narahatlıqlar müşahidə edilərsə,
Yaddaşın zəifləməsi ilə müşayət olunan baş ağrıları
Hərarətin yüksəlməsi ilə müşayət olunan baş ağrıları
Ətraflarda iflicin yaranması ilə müşayət olunan baş ağrıları
Ürəkbulanma ilə müşayət olunan baş ağrıları
50 yaşından sonra meydana çıxan baş ağrıları
Hər hansı bir baş travması ilə başlayaraq davam edirsə,
Get-gedə şiddətlənir və yüngülləşmə olmursa,qusma meydana gəlirsə,
Yuxarıda göstərilən əlamətlər hər hansı bir arzuedilməz vəziyyətin ilkin göstəricisi ola bilər və bu həkim tərəfindən yoxlanılaraq dəqiqləşdirilməlidir".


Həkim bu hallarda hansı tədbirlər görə biləcəyimiz barədə məsləhət verib:

"Təsadüfən meydana çıxan və təkrarlanmayan baş ağrıları zamanı istənilən bir ağrıkəsici dərmandan istifadə edə bilərsiniz. Dərmanın istifadə qaydasını ya aptekdən, ya da dərman qutusunda olan instruksiyadan öyrənə bilərsiniz. Dərman qəbulu zamanı ehtiyatlı olmalısınız. Elə dərmanlar var ki, onlar mədəyə zədələyici təsir göstərir və yeməkdən sonra qəbul edilməlidir.
Baş ağrılarının elə növləri var ki, təmiz havaya çıxmaq, alkoqol və ya nikotin qəbulunu azaltmaq kimi tədbirlərlə aradan qaldırıla bilər. Gərginlik baş ağrıları sakitləşdirici gimnastika, gəzinti kimi tədbirlərlə götürülə bilər. Gərginlik baş ağrılarının əsas səbəblərindən biri stressdir. Stressin azaldılması vasitəsilə təkrarlanan gərginlik baş ağrılarında qurtulmaq olar. Baş ağrıları zamanı akupunktura, massaj kimi vasitələrdə kömək edir".

Zeynəb Mustafazadə