"Ölkəmizdə tur şirkətlərinə nəzarət yoxdur"-Ekspertdən ETİRAZ
Bölmə: İqtisadiyyat › ,Tarix: 22:09 13.08.2024
Yay ayları gələndə ölkə vətəndaşları və turistlər tur təşkil edən şirkətlər vasitəsilə bölgələrə daha çox üz tuturlar.
Bəs turizm şirkətləri insanların təhlükəsizliklərini necə təmin etməli və sağlamlıqları üçün hansı məqamlara diqqət etməlidirlər?
Bu barədə əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev "İnformator.az"a açıqlamasında ölkəmizdə turların təşkili və turlara nəzarətlə bağlı müəyyən olunmuş normalar və qaydalar mövcud olmadığına görə bu sahədə pozuntulara tez- tez rast gəlməyin mümkün hal olduğunu bildirib:
"Halbuki beynəlxalq təcrübə onu göstərir ki, turların fəaliyyəti ilə əlaqəli müəyyən edilən normalar olmalı və bu normalar üzrə dövlət qurumları mütəmadi yoxlamalar həyata keçirməlidir. Belə ki, tur fəaliyyətini təşkil edən müəssisənin təşkil olunan turla əlaqəli insanların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsuliyyəti var. Təşkil edilən turlarda ən əsas nəqliyyat vasitəsinin texniki sazlığı önəmli yer tutmalıdır. Hər bir təşkil olunan turdan öncə nəqliyyat vasitələri müayinədən keçirilməli və texniki baxımdan bütün aşkarlanan uyğunsuzluqlar aradan qaldırılmalıdır. Nəqliyyat vasitəsinin əyləc sistemi, mühərriki və ümumi olaraq texniki baxımından bütün nöqsanları, nasazlıqları aradan qaldırılmalı, tur səfərinə texniki baxımından tam hazır vəziyyətə gətirilməlidir.
Turla insanları müxtəlif yerlərə aparan tur maşınları, nəqliyyat vasitələri ilkin tibbi yardım çantası, od söndürən balonla təchiz olunmalıdır. Ölkəmizdə qaydaların tələbinə görə hər bir nəqliyyat vasitəsində ilkin tibbi yardım qutusu və od söndürən balon olmalıdır. İlkin yardım qutusunun tərkibinə dair Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar mövcuddur, həmin qaydaların tələblərinə uyğun olaraq ilkin tibbi yardım çantası preparatlarla təchiz edilməlidir.
İnsanlar turdan istifadə edərkən tur şirkəti ilə turdan istifadə edən vətəndaş arasında mütləq müqavilə bağlanmalıdır. Və qeyd olunan müqavilədə təhlükəsizliklə bağlı öhdəliklər öz əksini tapmalıdır. Turdan istifadə edərkən tur bələdçiləri ümumi təhlükəsizlik qaydaları barədə tur iştirakçıları məlumatlandırmalıdır".
Tur şirkətlərinin təhlükəsizlik qaydaları ilə bağlı öhdəliklərin mütləq yerinə yetirməli olduğunu söyləyən ekspert xarici beynəlxalq praktikada bəzi hallarda yolun məsafəsinə, insanların çoxluğuna uyğun olaraq hətta tibb personalının belə turlara cəlb olunduğuna diqqət çəkib:
"Əsasəndə isti havalarda, yay şəraitində insanların səhhətində tez- tez pozulmaların müşaət edilə biləcəyi hallarda tibb personalı tərəfindən dərhal müdaxilə olunur. Və insanlara ilkin tibbi yardımın göstərilməsi üçün tibb personalı tur səfərində daimi olaraq iştirak edir. Beynəlxalq təcrübədə bu da mövcuddur. Tur səyahəti zamanı nəqliyyat vasitəsini idarə edən şəxslərin sağlamlığı da mühim əhəmiyyət daşıyır. Onlar ildə bir dəfədən az olmayaraq tibbi müayindən keçməli, narkoloji və psixotrop maddələrin istifadəsi ilə bağlı və nəqliyyat vasitəsini idarə etmədən öncə spirtli içki qəbul edib- edilməməsi ilə bağlı müayinələr aparılmalıdır.
Bu tələblərin hər biri yerinə yetirilərsə, turda insanların təhlükəsizliyi yüksək səviyyədə təmin oluna bilər.
Hər hansısa bir bədbəxt hadisə baş verdikdə tur şirkəti müştərinin, müştəri də tur şirkətinin üzərinə öhdəliyi qoyur və ortada bir müqavilə olmadığına görə bunun tənzimlənməsi mümkün olmur. Bunla bağlı nəzarət mexanizmi yaradılmalı, qaydalar təsdiq edilməli və həmin qaydalara əsasən də tur şirkətləri fəaliyyət göstərməlidirlər. Qanun pozuntularına yol verən tur şirkətləri barəsində də qanunda müvafiq tədbirlər görülməlidir".
Banuçiçək Kalbalıyeva