Bir dövlətin möhkəm olması üçün onun ailə siyasəti-məhəbbət siyasəti çox gözəl qurulmalıdır

Bölmə: MEDİA › ,
Tarix: 18:52 29.05.2015

Diqqətimi Səmayə xanım Mövlayevanın belə sözləri cəlb etdi: “Azərbaycan mətbuatı tarixinin dünənini, bu gününü yaşadan “Kaspi”nin bugünkü varislərinin çiyinlərinə daha böyük missiya düşür. “Kaspi” xoşbəxt taleyi olan qəzetlərdəndir. Çünki tariximizin fərqli dövrlərində onu himayə edən xeyirxah insanlar olub. Hacı Zeynalabdin Tağıyevin bir zamanlar öz himayəsinə alaraq yaşatdığı qəzetə bu gün şairə-publisist, tədqiqatçı-alim Sona xanım Vəliyeva himayədarlıq edir. Bu, çox xeyirxah bir işdir. Sona xanım onu yenidən dərc etməklə Azərbaycan mətbuatı tarixinin dünənini, zəngin ənənələrini yaşadır”.

Bəli, 1999-cu ildə Sona xanım 80 illik fasilədən sonra yenidən bu mətbu orqana can verdi. 1881-1919-cu illərdə fəaliyyət göstərmiş “Kaspi” qəzeti Azərbaycanda milli şüurun oyanmasında, Azərbaycan ideyasının yaranmasında misilsiz rol oynayıb. Mütərəqqi fikir adamlarının ətrafına toplaşdığı “Kaspi” qəzeti, rus dilində çıxmasına baxmayaraq, Azərbaycan ideyasını formalaşdırmış milli ziyalı elitanın təşəkkül tapmasında mühüm rol oynayış bir mətbu orqandır.

Sona xanım ixtisasca jurnalistikanı bitirməsə də mətbuat sahəsində öz sözünü deyən, böyük tarixi nailiyyətlərə imza atan şəxsdir. Hələ orta məktəbdə oxuduğu illərdə "Şərurun səsi" qəzetində məqalələri, şeirləri dərc olunur. Daha sonra "Səs" qəzetinin redaksiyasında çalışır. 2005-ci ildə jurnalistikada ilk mükafatı - "Tərəqqi" medalını alır. Sona xanım həm də 2007-ci ildən Milli Teleradio Şurasının üzvüdür. Sona xanımın yazılarının əsas özəlliklərindən biri odur ki, o Azərbaycan xalqının bir millət kimi formalaşması və mütəşəkkil bir varlığa çevrilməsi prosesini araşdırarkən, mövzuya dil, ədəbiyyat, mədəniyyət spektrindən baxaraq, prosesin obyektiv obrazını yarada bilir. Bu proses bu gün də davam edir və xanım Sona Vəliyeva bu proseesin iştirakçılarından biridir. Bizim hamımız Azərbaycan adlı bir amala qulluq edirik və hər kəs qabiliyyəti, imkanı daxilində bu sahəədə öz töhvəsini verir. Şübhəsiz ki, söz və fikir adamlarının bu işdə daha çox töhfə verməyə imkanı var. Sona xanım da bir şair, jurnalist və alim kimi bütün imkanlarıyla bu sahədə dayanmadan çalışır.Şairə xanım özünəməxsus yaradıcılıq üslubu, bəzən həddən ziyadə həlim, bəzənsə kəskin və sərt ifadə tərzi ilə seçilən şeirlərin müəllifidir.

          Bu gün Sona xanımın dogum günüdür. Bu gün də o, öz xalqı üçün bunları arzulayır: “Bir dövlətin möhkəm olması üçün onun ailə siyasəti-məhəbbət siyasəti çox gözəl qurulmalıdır. Ailələrimiz möhkəm olmalıdır, qloballaşan dünyada bu gün milli dəyərlərin qorunub saxlanmasında ailələrimizin üzərinə böyük öhdəliklər düşür. Ona görə də Azərbaycan ailəsi bir-birinin dəyərlərinə, xarakterinə yüksək qiymət verərək onun yüksəlməsinə xidmət etməlidir. Dövlətimiz, cəmiyyətimiz daim inkişaf etsin, bayrağımız uca olsun, sərhədlərimiz möhkəm olsun!”

Biz də İnformator.Az saytı olaraq Sona xanımı təbrik edirik.