Azərbaycan-Özbəkistan əməkdaşlığı: "Qardaş ölkə olmamıza baxmayaraq..."-RƏY
Bölmə: İqtisadiyyat › ,Tarix: 20:20 23.08.2024
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ümumi dəyəri 600 milyon ABŞ dolları olan 15-ə yaxın layihəni maaliyələşdirməyi nəzərdən keçirir.
Bu layihələr Azərbaycan-Özbəkistan əlaqələrinə və iqtisadiyyata necə təsir edəcək?
Bu barədə iqtisadçı ekspert Xalid Kərimli "İnformator.az"a açıqlamasında bildirib ki,
Azərbaycan və Özbəkistan həm MDB, həm də türk dövlətləri təşkilatının üzvüdür:
"Qardaş ölkə olmamıza baxmayaraq, münasibətlərin inkişafı 2015-ci ildən sonraya təsadüf edilir, 2020-ci ildən sonra bu istiqamətdə ciddi addımlar atılır. Ümumiyyətlə Özbəkistan Mərkəzi Asiyanın ən çox əhalisi olan və sürətlə inkişaf edən ölkəsidir. Hər 2 ölkə ərazisindən keçən tranzit imkanlarını artırmaq, kooperasiya imkanlarını artırmaq istəyirlər. Bundan başqa qarşılıqlı investisiya mühitini yaxşılaşdırmaq istəyirlər. Hər 2 ölkə üçün əlverişli olan layihələr maaliyələşdiriləcək. Burada da məqsəd şirkətlərin təsdiq etdiyi layihələrə həmin ölkələrin resurslarının cəlb olunmasıdır. Həmçinin Hacıqabul rayonundakı sənaye parkında avtomobil müəssisəsinin qurulması işləri aparılır. Qarabağda isə toxuculuqla bağlı təsərrüfat qurmaq istəyirlər".
Fidan Fərhadlı