Əli Həsənov KİV rəhbərləri ilə nəyi müzakirə etdi?
Bölmə: MEDİA › ,Tarix: 12:42 05.06.2015
Bu gün Prezident Adminstrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun media nümayəndələri ilə görüşü keçirib.
Mətbuatın 140 illik yubileyinin geniş şəkildə qeyd olunması ilə bağlı dövlət başçısı sərənam imzalayıb və bu tədbirdə həmin sərəncamdan irəli gələn məsələlər müzakirə ediləcək: “Prezidentin həmin sərəncamı milli mətbuata, milli jurnalistikaya verdiyi dəyərdir. Bu sərəncamdan irəli gələn məsələləri istəyirik sizinlə birlikdə müzakirə edək. Birgə tədbirlər planını hazırlayaq. Bundan sonra müzakirə olunan məsələlər, təklifləri Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə təqdim edəcəyik. Birbaşa onun nəzarəti ilə milli mətbuatın 140 illiyi ilə bağlı sərənama müvafiq olaraq həmin tədbirlər planı təsdiq olunacaq”.
MŞ sədri Əflatun Amaşov isə bildirdi ki, dövlət başçısının mətbuatın yubileyi ilə bağlı sonunu sərəncamı əhatəliliyinə görə fərqlənir: “Fundamental təsir bağışlayır. Bu sərəncamın qəbul olunmasında mətbuatın keçdiyi 140 ilə baxış düzənlənir və keçmiş və gələcəyin vəhdəti birlikdə verilir”. Ə.Amaşov yubileylə bağlı jurnalistlərin mükafatlandırılmasından danışaraq bildirdi ki, artıq redaksiyalardan təkliflər və siyahılar gəlir: “Belə getsə, bayrama qədər mükafat almaq istəyənlərin sayı minə çatacaq”.
Ə.Amaşov həmçinin sosial şəbəkələrdə Avropa Oyunları ilə bağlı gedən müzakirələrdən də danışdı və təhqir səviyyəsində rəylərin olduğunu vurğuladı. O, bununla bağlı tədbirlər görülməsinin vacibliyini qeyd etdi. MŞ sədrinin sözlərinə görə, sosial şəbəkələrdə o özü və bəzi media rəhbərləri də təhqidlərə məruz qalır və bununla bağlı məsələ yuxarı səviyyədə diqqətə çatdırılıb müzakirə edilməlidir.
Ə.Həsənov isə eşitdiyinə münasibətini bu cür bildirdi: “Əgər Qərbin təlqin etdiyi demokratiya budursa, biz bu demokratiyanın tərəfdarı deyilik”. O, veriləcək medallarla bağlı kriteriyaları da açıqladı: “Məsələn, 12 il işləyənə “Tərəqqi” medalı, 15 il işləyənə “Əməkdar jurnalist” adı verilə bilər və sair...”.