III Dünya müharibəsinin rəsmi elanı, yoxsa nüvə silahının tətbiqi təhlükəsi?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:02 04.09.2024

ABŞ- nin Ukraynaya mümkün uzaqmənzilli raket tədarükü ilə bağlı sualı cavablandıran Rusiya XİN başçısı Sergey Lavrov, "Bizim “qırmızı xətlərimizlə" zarafat etmək lazım deyil, amerikalılar onların haradan keçdiyini bilirlər",- deyib.

Maraqlıdır, gələcək dövrdə Rusiya- ABŞ münasibətləri hansı müstəvidə irəliləyəcək? 

Mövzunu "İnformator.az"a şərh edən siyasi şərhçi Kənan Novruzovun sözlərinə görə, ABŞ Rusiya-Ukrayna müharibəsində "drijorluq" edir:

"ABŞ Ukraynanı bataqlığa çevirdi və Rusiyanı da bu bataqlığa saldı. Bu gün Vaşinqton Kiyev vasitəsilə Rusiyaya qarşı proksi müharibə aparır. Amma ehtiyatlı hərəkət edir. Məsələn, Ağ Ev belə bir açıqlama verdi ki, ABŞ silahları ilə Ukraynaya Rusiya ərazisinin dərinliklərinə zərbə endirməyə icazə vermirik. Çünki Vaşinqton müharibənin birbaşa iştirakçısı olmaq istəmir. Bu ABŞ- a sərf etmir. Ukrayna vasitəsilə proksi müharibə aparmaq ABŞ üçün daha təhlükəsizdir. Bu nöqteyi-nəzərdən rəsmi Vaşinqton buna üstünlük verir. ABŞ- nin Ukraynaya uzaq mənzilli raket tədarükü və həmin raketlərlə Rusiya ərazisinə zərbələr endirməyə icazə verməsi artıq onun "gizləndiyi pərdədən önə çıxması" demək olacaq".

Bunun bir başa ABŞ və Rusiyanın toqquşması ehtimalını artıracağını söyləyən siyasi şərhçi, əslində, Lavrovun demək istədiyinin də bu olduğunu qeyd edib:

 
"Rəsmi Vaşinqton və rəsmi Moskva bir başa toqquşmasının başlaması bu müharibənin təkcə bu iki dövlət arasında olmayacağı deməkdir. Qütbləşmə yaranacaq. Rusiyanın yanında Çin, İran olacağı halda, ABŞ- nin də yanında Qərb partnyorlar olacaq. Türkiyə isə bunu istəmir. Çünki o da tərəf seçməli olacaq. İndiki halda bu, rəsmi Ankaraya sərf etmir. Buna görə də Türkiyə müharibənin başa çatması üçün əvvəldən səmimi səylər göstərir.
ABŞ- Rusiya birbaşa toqquşmasının olması, davam edən lll dünya müharibəsinin rəsmi elan edilməsi ilə yanaşı, nüvə silahının tətbiqi ehtimalını artıracaq".

 
Banuçiçək Kalbalıyeva