Analitik: Vaxt rəsmi İrəvanın əlehinə işləyir

Bölmə: Siyasət › ,
Tarix: 20:48 17.09.2024

Bir neçə gün bundan əvvəl Ayxan Hacızadə jurnalistlərə müsahibəsində bildirib ki, sülh sazişi mətninin 80%- i razılaşdırılıb.
A.Hacızadə qeyd edib ki, sülh sazişinə mane olan əsas məsələlərdən biri Ermənistanın Azərbaycana qarşı ərazi iddialarıdır: "Həmçinin, bildirim ki, Azərbaycan konstitusiyasında heç bir ölkəyə, o cümlədən Ermənistana qarşı ərazi iddiası yoxdur".

Mövzunu "İnformator.az"a şərh edən siyasi şərhçi Kənan Novruzov bildirib ki, sülh sazişi mətninin 80%- nin hazır olması yaxşı haldır:

"İnkişaf hiss olunur. Əldə olunan razılaşmalar da bunun təzahürüdür. Bu iki tərəfli təmaslar nəticəsində, xüsusilə də rəsmi Bakının siyasi iradəsi və diplomatik məharəti nəticəsində mümkün olub. 99% sülh sazişi hazır olsa belə, əgər orada 1%- lik mübahisəli məsələ varsa, bu o deməkdir ki, sülh sazişi mətni hələ hazır deyil. Mətn 100% hazır olsa da, sülh bu o demək deyil ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaq. Ermənistan hələ də Azərbaycanın haqlı tələbinə uyğun olaraq ona qarşı ərazi iddialarından imtina etməyib və konstitusiyasında müvafiq dəyişiklik etməyib. Bu olmadıqca sülh sazişi imzalanmayacaq. Ermənistan hərbi təxribatları son vaxtlar intensivləşdirib. Bu da Ermənistan hakimiyyətinin deyil, onun havadarlarının iradəsinin təzahürüdür".

Şərhçinin sözlərinə görə, istənilən halda Azərbaycan mövqelərinə qarşı atılan hər bir atəş, həm də sülh sazişinə atılan atəşdir:

"Ermənistan hakimiyyəti papağını qarşısına qoyub düşünməlidir ki, sülh sazişi rəsmi Bakıdan daha çox rəsmi İrəvana lazımdır. Azərbaycan öz ərazi bütövlüyünü təmin edib və nəinki regionun, bütövlükdə beynəlxalq geosiyasi müstəvinin əsas faktorlarından biridir. Vaxt rəsmi İrəvanın əlehinə işləyir. O, çətin vəziyyətdədir, Qərblə Rusiya arasında sıxışıb qalıb. Bu gün Ermənistan faktiki olaraq Qərblə Rusiya arasında siyasi poliqona çevrilib. Onun hərbi poliqona çevrilmək ehtimalı da var. Bu ehtimal getdikcə artır. Belə bir vaxtda Ermənistana yeni bir "təhlükəsizlik çətiri" lazımdır. Bu "təhlükəsizlik çətiri" üçün də ən optimal variant Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasıdır. Və bu da sülh sazişindən keçir. Ermənistan siyasi iradə göstərərək Azərbaycanın tələblərini yerinə yetirməli, o cümlədən konstitusiyasında dəyişiklik etməlidir. Əks halda sülh sazişi imzalanmayacaq".

Banuçiçək Kalbalıyeva