Yanvar-aprel aylarında 80 ölkəyə əmtəə ixrac olunub
Bölmə: İqtisadiyyat › ,Tarix: 10:32 11.06.2015
2015-ci ilin yanvar-aprel aylarında Azərbaycan Respublikasının rezidentləri dünyanın 126 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 80 ölkəyə əmtəə ixrac olunub, 113 ölkədən idxal olunub.
İnformator Dövlət Statistika komitəsinə istinadən xəbər verir ki, xarici ticarət əlaqələri iştirakçılarının 45-i Avropa, 20-si Amerika, 40-ı Asiya ölkələri və digərləridir.
Dörd ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən 9387,2 milyon ABŞ dolları, o cümlədən ixracın həcmi 5984,1 milyon dollar, idxalın həcmi 3403,1 milyon dollar təşkil edib, nəticədə 2581,0 milyon dollarlıq müsbət saldo yaranıb.
İxrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, alüminium və ondan hazırlanan məmulatlar, plastmas və ondan hazırlanan məmulatlar, kimya sənayesi məhsullarının, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib.
Yanvar-aprel aylarında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 34,9 faiz artaraq 596,5 milyon dollar təşkil edib.