Payız fəslində dərimizə necə qulluq edək?-Həkim-dermatoloq açıqlayır.

Bölmə: Maraqlı › ,
Tarix: 09:48 09.10.2024

Payız mövsümünə sayılı günlər qalıb. Havalar yavaş-yavaş soyuyur. Fəsil dəyişdikcə dərimiz də öz sözünü deyir, baxıma ehtiyac duyur. Bu məsələ xüsusilə də xanımların narahatlığına səbəb olur. Onlar istəyir ki, simaları bütün fəsillərdə gözəl görünsün. Lakin bunun üçün dəriyə düzgün qulluq göstərilməlidir.

 

Mövzu ilə bağlı "informator.az"a danışan həkim-dermotoloq Tünzalə Feyziyeva bildirib:

 

"Yay fəslinin bitməsi, yeni mövsümün başlaması, hava və ətraf mühit faktorları təsirinin artdığı bir dövrdə dərimizə qulluğu da biz unutmamalıyıq. Dərimizin nəm balansını qoruya bilmək, ehtiyacı olan vitamin və mineralları təmin etmək bizim üçün çox önəmli prosedurdur. Payızda sağlıqlı, parlaq dərimizin olması üçün bilməmiz lazım olan müəyyən şərtlər var. İlkin şərtimiz odur ki,dərimizə qulluq rutinini axsatmamalıyıq. Dəriyə qulluq sadəcə bir gündə təsir edə biləcək bir presedur olmadığı üçün bunu daimi formada etmək lazımdır. Bəzən pasiyentlər şikayətlənirlər ki, "kremləri çəkirəm, qulluq edirəm amma bir nəticə yoxdur". Bu zaman araşdıranda məlum olur ki, pasiyent ya qulluq rutininə yeni başlayıb(1 həftə-10gün), ya da bu rutini davamlı etmir və ona görə də nəticəsi olmur. İkinci və ən önəmli faktor isə makyajın, üzün üzün düzgün təmizlənməsidir. Bu şərtə əməl etmədikdə zamanla dərimizdə müxtəlif xəstəliklər(akne vulgares, demodeks və s.)yarana bilər. Növbəti etap isə üzümüzü təmizlədikdən sonra müxtəlif cür serumlardan istifadə edilməsidir. Bu serumlar müxtəlif cür ola bilərlər (retinol, arbutin tərkibli, niasinamed, C vitamini). Retinol tərkibli serumların daha çox istifadə edilməsi payız-qış dövrünə, 25-30 yaş üçün məsləhətdir. Lakin C vitamini, niasinamid, arbutin tərkibli serumlar daha çox ləkəli dərilər üçün məsləhət görülür. Bəzən isə yağlı və akneli dərilər qulluq rutininə serumlar əlavə etmək lazımdır. Bu cür dərilərdə isə salicylic acid, propolis tərkibli serumlar daha uyğundur. Bu cür serumların həm istifadə qaydasını, həm dəriyə uyğun seçilməsini mütləq həkim-dermatoloq, kosmetoloq təyin etməlidir"

 

Həkim- dermatoloq dərinin nəm balansının saxlanılmasından da söz açıb:

 

"Növbəti ən önəmli etaplardan biri nəm balansını təmin etməkdir. Payızın gəlişi ilə əlaqədar olaraq dərimizdə qurumanın görülməsi normal haldır. Bunu nəmləndirici kremlərin vasitəsilə aradan qaldırmaq mümkündür.Eyni zamanda da daxildə fərqli vitaminlər,mineral qruplarının qəbulu da itirilən nəm balansını bərpa edə bilər.Son olaraq qulluq rutinində ən önəmli mərhələdən biri günəşdən qorunma faktorudur.SPF kremlər ilin hər fəslində dəriyə qulluq rutinində daxil edilməlidir. Çünki yayda olduğu qədər qışda da günəşin zərərli şüaları var.Xüsusilə də qar yağdığı zamanlarda bu şüaların təsiri daha da şiddətlənir.Günəş kremlərinin düzgün şəkildə istifadəsi dərinimizdə həm müxtəlif ləkələrin yaranmasının qarşısını alır,həm də qırışların yaranmasını ləngidir,və beləliklə zaman-zaman dərimizdə qırışların yaranmaması və yaxud da az yaranması ilə biz daha gözəl qocalırıq".

 

Mehriban Nəsibova