Xələf Xələfov bir məlumatı bir neçə mənbədən oxuyur

Bölmə: MEDİA › ,
Tarix: 16:25 24.06.2015

İnformasiyanın etibarlılığı, dürüstlüyü vacib amillərdən hesab olunur. Elə bu baxımdan “kim hansı informasiya mənbəyinə üstünlük verir?”-sualı ilə informator.az saytı ölkənin tanınmış  ictimai-siyasi  xadimlərinə müraciət edib. 

Xələf Xələfov-Xarici İşlər nazirinin müavini 

Konkret mənbə yoxur ki, yalnız ona baxım. Yəni bir məlumatı bir neçə mənbədən oxuyuram.  

Aydın Mizəzadə-Millət vəkili 

Gün ərzində demək olar bütün informasiya vasitələrinə nəzər yetirirəm. Son dövrlərdə saytlardan informasiya almağa üstünlük verirəm çünki operativlik var, əlavə mane olan faktorlar yoxdur. Hesab edirəm ki, bu gün Azərbaycanda informasiya almaq üçün bütün imkanlar var. Həm televiziya, həm radio, həm qəzet, həm də saytlar bu gün operativ informasiya verə bilirlər.



Əli Məsimli- Millət vəkili 

Adını çəkmədən mən bütün informasiyaların əksəriyyətini internet vasitəsilə götürürəm. Əvvəllər televiziyadan müəyyən informasiyalar götürürdüm, amma indi televiziyada yalnız xəbərlərə baxıram, idman verilişlərinə baxıram, boş-boş verilişlərin heç birindən xəbərim yoxdu. Kimsə mənə hansısa verilişdən danışsa, mən özümü başqa planetdən gəlmiş kimi hiss edəcəm. Çünki mən özümə hörmət edirəm, əsəblərimi qoruyuram və həmin verilişlərə baxmıram. 



Vüqar Bayramlı-İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri

Baxır günün hansı saatlarında. İş vaxtlarında əsasən agentlik və portallara üstünlük verirəm. Artıq evə gəldikdən, iş vaxtından sonra informasiyanı daha çox televiziyadan əldə edirəm. O baxımdan informasiyanı birmənalı şəkildə agentlik, internet portalı və televiziya olaraq qruplaşdırmıram. O asılıdır, hansı günlər və günün hansı saatından. İşdən sonra da agentliklər və portallardan istifadə edirəm, amma əsas yeri televiziya tutur.

Birmənalı şəkildə bütün televiziya kanallarına baxıram. Çalışıram ki, bütün kanalların xəbərlərinə baxım, eyni zamnda  tok-şoylara (talk show) baxıram. Ictimai TV-dəki tok-şoylara (talk show) baxmağa çalışıram. Portallar arasında ayrıseçkilik etmək istəməzdim. Daha inamlı informasiyanı  təssüf ki,  televiziya kanallarından almağa çalışıram. Agentliklərdə və portallarda ən böyük problem odur ki, bəzi hallarda təsdiqlənməmiş, sadəcə jurnalistin öz fikri və təsəvvürünə uyğun informasiya yerləşdirilir ki, bu da portallara inamın azalmasına səbəb olur. Bizim mərkəzin apardığı monitorinqlər göstərir ki, hazırda vətəndaşların televiziyaya inamı, internet portallarına olan inamdan çoxdur. 



Hacı Şahin Həsənli-İlahiyyatçı

İnformasiyanı həm televiziya, həm də xəbər saytları vasitəsi ilə əldə edirəm. APA, Trend və Salamnews –a müraciət edirəm. Səbəbi isə onların daha operativ olmasıdır.



Rauf Zeyni- Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti 

İnformasiyanı əsasən aparıcı agentliklərdən əldə edirəm. APA, Trend, Azadinform və digər aparıcı agentliklərdən məlumat əldə edirəm. Bunların içində bizimlə sıx əməkdaşlıq edən agentliklər, eyni zamnda gündəlik məlumatları təmin edən agentliklər var. Biz o cümlədən, İtar-Tass, CNN, Reutersdən məlumat əldə edirik. Operativlik, obyektivlik, informasiyanın keyfiyyəti çox vacib məsələdir. Hər hansı agentlikdən xəbəri götürmək və yerləşdirmək bununla da agentlik yaratmaq olar. Bu agentlik deyil, agentlik özü informasiyanı istehsal edir və təqdim edir. Belə agentliklərə biz daha çox üstünlük veririk.