Süd və yağ məhsullarında BAHALAŞMA: Səbəb nədir?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: İqtisadiyyat › ,
Tarix: 09:16 30.10.2024

Süd məhsulları istehsalçıları kərə yağı istehsalının həcminin azaldığını və federal pərakəndə satış şəbəkələrində bu kateqoriyadan olan malların qiymətlərində mümkün artım barədə xəbərdarlıq ediblər. İstehsalçılar qaymaq qiymətlərində kəskin artımla üzləşiblər. Ötən ilin eyni dövrü ilə müqayisədə, ilin birinci yarısında 39%, 2024-cü ilin səkkiz ayında isə 46% olub. Rusiyada kərə yağı istehsalı kəskin azaldı.

Maraqlıdır, bu problem Azərbaycana necə təsir edəcək?

Məsələ ilə bağlı "informator.az"a danışan iqtisadçı ekspert Asif İbrahimov deyir ki, marketlərin faktiki olaraq süd və yağ məhsullarında ciddi şəkildə bahalaşma müşahidə olunur:

"Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri var. Bazarda, qiymət tənzimlənməsində qiymətlərin nisbətən rəqabətə dayanaqlı olmasını təmin edən məsələlərin bir çoxu var. Bu tip məhsulları Ukrayna, Belarusiya və Rusiyadan daha öncə əldə edirdik. Ölkəmizdə ucuz qiymətdə keyfiyyəti də yaxşı olan məhsullar ortaya çıxırdı. Rusiya və Ukrayna arasında baş verən müharibənin Belarusiyaya da  təsiri olduğunu bilirik. Bu tip məhsulların ölkəyə idxalında azlıq müşahidə olunub. Bu da avtomatik olaraq Azərbaycanda süd və yağ məhsulları bazarına və eyni zamanda onların qiymətlərinə ciddi təsiri göstərməyə başladı. Bu tip məhsulların Azərbaycana istehsal edilməsini artırmaq lazımdır qida təhlükəsizlik planı hazırlanmalıdır. Bu, Azərbaycanın qida təhlükəsizlik mərkəzinə öz mənfi təsirini göstərir. Ciddi addımlar atılmalıdır. Belə, məhsulların xarici faktordan asılı qalmasını məhdudlaşdırmaq lazımdır. Daxili istehsalı artırmaq lazımdır. Keyfiyyətli və uyğun qiymətə Azərbaycan vətəndaşına çatdırılması təmin olunmalıdır".

Nigar Səmədli