Tramp inanılmaz bir geri dönüşü necə həyata keçirdi
Bölmə: Dünya › ,Tarix: 21:04 06.11.2024
Bu, ABŞ siyasi tarixində, şübhəsiz ki, ən dramatik geri dönüşdür.
Ağ Evdən ayrılmasından dörd il sonra, milyonlarla amerikalı Donald Trampa ikinci bir şans vermək üçün səs verdikdən sonra o, yenidən Ağ Evə qayıtmağa hazırdır.
Seçki kampaniyası tarixə düşəcək bir kampaniya oldu: o, iki sui-qəsd cəhdindən sağ çıxdı və orijinal rəqibi Prezident Co Bayden seçki gününə aylar qalmış yarışdan geri çəkildi.
Son səslər hələ də hesablanmaqda olsa da, həlledici döyüş ştatlarında amerikalıların əksəriyyəti səs vermək üçün Trampı seçdi, bir çoxu isə iqtisadiyyat və miqrasiyanı əsas narahatlıq səbəbi kimi göstərdi.
Onun zəfəri möhtəşəm bir enişdən sonra gəldi. 2020-ci il seçkisində Baydenə uduzduğu nəticələri qəbul etməkdən imtina etdi və vəzifədə qalmaq üçün seçki nəticələrini dəyişdirməyə cəhd göstərməsinə dair rolu bu gün də araşdırılmaqdadır.
O, 6 yanvar 2021-ci ildə ABŞ Kapitoliyinə zorakı hücumu qızışdırmaqda ittiham olunur və işgüzar qeydləri saxtalaşdırmaqda təqsirli bilinərək, cinayət hökmü alan ilk vəzifədəki prezident kimi tarixə düşəcək.
Onun niyə dərin şəkildə qütbləşdirici bir fiqur olduğu aydın görünür.
Kampaniya boyu Tramp təxribat xarakterli ritorikadan istifadə edərək qaba zarafatlar etdi və siyasi düşmənlərindən qisas almaqla hədələdi.
Onun iqtisadiyyatla bağlı mesajı insanlarda rezonans doğurdu.
Tramp haqqında fikirlərdə ortaq məxrəcə gələn çox az insan var. Bu kampaniya ərzində danışdığım seçicilərin əksəriyyəti onun "nalayiq sözlərdən" imtina etməsini arzuladıqlarını deyirdi. Lakin buna baxmayaraq, onun bu davranışını görməzdən gəlirdilər.
Əvəzində isə hər mitinqdə verdiyi bir suala diqqət yetirdilər: “İki il öncə olduğunuzdan daha yaxşı vəziyyətdəsinizmi?”
Donald Trampa səs verən insanların çoxu mənə təkrar-təkrar bildirdilər ki, onun hakimiyyəti dövründə iqtisadiyyatın daha yaxşı vəziyyətdə olduğunu düşünürlər və dolanışıqlarını təmin etməkdə çətinlik çəkirdilər. İnflyasiyanın əsas səbəbi Covid-19 pandemiyası kimi xarici amillərlə bağlı olsa da, onlar bu vəziyyətə görə gedən administrasiyanı günahlandırırdılar.
Seçicilər həmçinin qeyri-qanuni miqrasiyanın rekord səviyyəyə çatmasından dərin narahatlıq keçirirdilər. Onlar adətən irqçi baxışlar sərgiləmirdilər və Tramp və tərəfdarlarının iddia etdiyi kimi miqrantların insanların ev heyvanlarını yediyini düşünmürdülər. Sadəcə, daha güclü sərhəd nəzarətini istəyirdilər.
Bu seçkinin ironiyalarından biri odur ki, dəyişikliyi ən çox təmsil edən namizəd cəmi dörd il əvvəl hakimiyyətdə olan bir şəxsdir. Ancaq o vaxt ilə indi arasında bir sıra fərqlər var.
2016-cı ildə ilk dəfə hakimiyyətə gəldikdə, Tramp siyasi sistemdən kənarda olan biri idi və heç olmasa bir müddət üçün ətrafında ona qaydaları öyrədən və hərəkətlərini məhdudlaşdıran təcrübəli siyasi müşavirlər və heyət yığmışdı. İndi isə o, sanki daha çox qaydalara uyğun davranmaqda maraqlı görünmür.
Bu müşavirlərin və heyətin çoxu indi onun haqqında danışaraq onu “yalançı”, “faşist” və “yararsız” adlandırıblar. Onlar xəbərdarlıq edirlər ki, ətrafına sadiq adamları toplasa – ki, bunu edəcəyi gözlənilir – onu daha ekstremal ideyalarından çəkindirəcək heç kim qalmayacaq.
O, vəzifədən gedərkən Kapitol hücumundakı rolu, milli təhlükəsizliklə bağlı sənədləri idarəetməsi və bir porno ulduzuna susdurucu ödənişlər etməsi ilə bağlı çoxsaylı cinayət ittihamları ilə üzləşmişdi.
Lakin Ali Məhkəmənin prezidentin vəzifədə rəsmi hərəkətlərinə görə məhkəmə təqibindən tamamilə immunitetə malik olduğuna dair qərarından sonra, növbəti administrasiya dövründə hər hansı bir prokuror üçün ona qarşı ittiham irəli sürmək çətin bir mübarizə olacaq.
Prezident olaraq isə o, Ədliyyə Nazirliyinə 6 yanvar iğtişaşları ilə bağlı federal ittihamları ləğv etməyi tapşıra bilər ki, həbs cəzası ilə üzləşməkdən narahat olmasın. Eyni zamanda, Kapitol iğtişaşlarında iştirak etdiyinə görə həbs cəzasına məhkum edilən yüzlərlə insanı əfv edə bilər.
Sonda seçicilərə Amerikanın iki fərqli görüntüsü təqdim olundu.
Donald Tramp onlara ölkənin uğursuz bir dövlətə çevrildiyini və onu yenidən yalnız özünün “Böyük” edə biləcəyini dedi.
Digər tərəfdən, Harris xəbərdarlıq etdi ki, Tramp seçilsə, ABŞ demokratiyası özü mövcudluq təhdidi ilə üzləşəcək. Bu isə hələ görüləcək. Amma Trampın kampaniya zamanı dedikləri insanlarda olan qorxuları azaldan bir təsir yaratmadı.
O, Rusiyadan Vladimir Putin və Şimali Koreyadan Kim Çen In kimi avtoritar liderləri "bəyənib-bəyənməməyinizdən asılı olmayaraq öz sahələrində zirvədədirlər" deyərək tərifləyib.
Mətbuatda tənqidçiləri susdurmaq barədə danışıb. Seçkidən bir neçə gün əvvəl də mediada olan şəxslərin öldürülməsinin onun üçün problem olmayacağını göstərən şərhlər edib.
Və seçkinin sonda onun qələbəsi ilə nəticələnməsinə baxmayaraq, seçki saxtakarlığı ilə bağlı əsassız iddiaları və konspirasiya nəzəriyyələrini yaymağa davam edib.
İndi seçicilər onun kampaniya zamanı söylədiklərinin nə qədərinin sadəcə boş danışıq olduğunu – "Trampın öz üslubu" olduğunu öyrənəcəklər. Və unutmayın ki, ikinci Tramp dövrü ilə qarşılaşmalı olanlar yalnız amerikalılar deyil.
Dünya indi “Amerika Əvvəlcə” şüarının əslində nə məna verdiyini görəcək. Onun ABŞ idxalına 20% tarif tətbiq etmək təklifindən tutmuş, Ukrayna və Yaxın Şərqdə müharibələri – hansı tərəfin qalib gəlməsindən asılı olmayaraq – sona çatdırmağa söz verməsinə qədər qlobal iqtisadi təsirlər özünü göstərəcək.
Donald Tramp ilk dövründə bütün planlarını həyata keçirə bilmədi. İndi isə ikinci mandatı ilə və əhəmiyyətli dərəcədə az məhdudiyyətlə, Amerika və dünya onun əslində nələr edə biləcəyini görəcək.
Mənbə: BBC world News
Zəhra Məmmədova