Televiziyanı idarə edən menecerlər nəyi seçirlərsə, onlar yayımlanır

Bölmə: MEDİA › ,
Tarix: 17:00 11.07.2015

Son dövrlərdə Azərbaycanda televiziya kanalları daha çox şou verilişlərə üstünlük verirlər. Azərbaycanda təhlil xarakterli, tarixi, siyasi verilişlərin yayımlanmamasına səbəb nədir?

Media ekspertlərinin sual ətrafında fikirlərini təqdim edirik:



Məsələ ilə bağlı danışan televiziya eksperti Zeynal Məmmədli bildirib ki, kanallar daha çox asan işlərə qaçırlar:

“Əslində cəmiyyətin şou verilişlərinə baxıb dincəlməyə də, ciddi verilişləri izləyib maariflənməyə də ehtiyacı var. Bu ehtiyacların hamısı eyni dərəcədə vacibdir. Ancaq biz media olaraq bilgiləndirməyə üstünlük verməliyik. Çünki bilgiləndirmək maarifləndirməkdə də iştirak edir,  əyləndirməkdə də. Yəni hətta əyləndirməklə belə, peşəkar yanaşdıqda bilgiləndirmək mümkündür.

Çox təəssüf ki, Azərbaycanda şou verilişləri, maliyyə qoyulmayan, ucuz başa gələn, yaxşı düşünülməyən  formadadır. Bunun da obyektiv səbəbləri var. Prodüserə müstəqil fəaliyyətə imkan verilməməsi, müxtəlif senzuralar,  maliyyə çətinlikləri söylədiyim səbəblərə aiddir. Yəqin ki, maraqlı layihələr olur. Ancaq televiziyanı idarə edən menecerlər nəyi seçirlərsə, onlar yayımlanır. Menecerlər də bəzi senzuralara görə, sadəcə şou mahiyyəti daşıyan verilişlərə üstünlük verirlər. Hərdən bir efirlərdə ədəbsiz sözlər də işləndilir. Halbuki, medianın özü ciddi şəkildə bilməlidir ki, insanlara nəyi öyrədirsənsə  onlar da kütlə psixologiyasına görə həmin şeyə uyğunlaşırlar. Azərbaycan cəmiyyətini yetkin saya bilmərik. Auditoriya elə təşkil olunmayıb ki, biləsən bu təbəqə ancaq ciddi və ya digəri şou xarakterli verilişlərə meyillidir. Bu baxımdan yayımlananlar da elə cəmiyyətə uyğundur. Ancaq cəmiyyətin buna layiq olmayan qismi də var. Bu qism də gərək narazılıqlarını bildirərək, ictimai rəy yaratsın. Lakin bizdə təəssüf ki, belə hal da mövcud deyil. Ona görə də Azərbaycandakı bu durum nə qədər təəccüblü səslənsə də, çox təbiidir”.



Məşhur televiziyaşünas Qulu Məhərrəmli də Hafta.az-a məsələ ilə bağlı açıqlama verib. O bidirib ki, televiziyaların şouya meyilli olmasında cəmiyyətin heç bir günahı yoxdur:

“Televiziyaların müəyyən proqram siyasəti var. O proqram siyasəti müəyyən elementlərlə doldurulur. Yəni burada həm xəbər, həm şou, diskussiya və digər proqramlar olur. Televiziya yayımına verilən tələblər var. Bunlar bizim bu sahəyə aid olan qanunlarında da göstərilib. Avropa Birliyi üzrə qəbul edilən sənədlərdə hansı proqram tiplərinə yer verilməli olduğu haqqında ona yaxın kateqoriya müəyyənləşdirilir. Universal  televiziyalar həmin mövzuda verilişlər hazırlamalıdırlar. Ancaq bizim televiziyalar, həmin  diskussiya proqramlarını hazırlamağa çətinlik çəkirlər.  Maarifçi verilişlərə görünür həvəs göstərənlər  də azdır. Bu tip verilişləri gərək elə formada hazırlayasan ki, insanlar da maraqla izləsinlər. Ona görə də ən rahat və asan başan gələn şou verilişləridir. Şou deyəndə, əyləncəli şou proqramları. Asan olduğu üçün də bizim televiziyalar şou aşiqləridir. Şou aşiqliyinin də nəticəsi ondan ibarətdir ki, bu gün televiziyalarımızın hamısı bir-birinə bənzəyirlər.  Səviyyəcə aşağı olan şoular çatdırırlar. Bizim çox düşük şou aparıcılarımız var. Əksəriyyəti bu cür qəbul olunur. Bunlar faktiki olaraq, məzhəkəçiliklə məşğul olurlar. Şounun da bir janr kimi tələbləri var. Lakin təəssüf ki,  biz bunları deyil, bəsit məzhəkəçiləri görürük. Televiziyada ən böyük problemimiz, proqram balansının şou proqramın xeyrinə  dəyişməsidir”.



“ANS” Şirkətlər Qrupu prezidentinin müşaviri Mayis Məmmədov isə Hafta.az-a açıqlamasında mövzu ilə bağlı başqa fikir söylədi. O bildirdi ki, problem televiziyada deyil, fəsildədir:

“Hazırda yay fəslidir. İnsanlar da dincəlmək istəyirlər. Ona görə də əyləncə xarakterli verilişlərə daha çox üstünlük verilir. Eyni zamanda bizim kanalda indi də təhlil xarakterli, ciddi verilişlər verilir. Mən də öz kanalımızdan başqa heç birini izləmirəm. Bu baxımdan digərləri nə üçün şouya üstünlük verirlər, bunu deyə bilmərəm. Faktiki olaraq, bizim kanalda bu gün də ciddi verilişlərin sayı az deyil”.

HAFTA.AZ