Ermənistan təzminat ödəyəcək ?

Bölmə: Siyasət › ,
Tarix: 14:30 07.11.2024

Müharibə dövründə və bundan öncəki 30 il müddətinə Ermənistan Azərbaycan torpaqlarına ciddi şəkildə ziyan vurub.

 

Ermənistan Qarabağ torpaqlarına vurduğu ziyanın təzminatını ödəyə biləcəkmi ?

 

Bu barədə politoloq Oqtay Qasımov "informator.az"a açıqlamasında bildirib ki, Ermənistan 30 illik işğal dövründə Azərbaycan ərazilərini dağıtmaqla yüzlərlə yaşayış məntəqəsini yer üzündən silib:


"Azərbaycana ciddi şəkildə ekoloji zərər vurulub və ərazilərdə ekoloji fəlakət yaradılıb. Bundan başqa, ərazilər ciddi şəkildə minalarla çirkləndirilib ki, buda başqa bir ciddi problemdir. Təbii ki, savaşlar dönəmində tərəflər digərinin qarşısında təzminat məsələsini qoyur. Azərbaycanın belə bir iddianın qaldırılacağı gözləniləndir. Bir neçə il öncə Azərbaycan Prezidenti çıxışlarında bu məsələyə toxunmuş və qeyd etmişdir ki, Ermənistan bununla bağlı cavab verməlidir və vurduğu zərərə görə təzminat ödəməlidir. Təbii ki, bununla bağlı hələ o zamandan beynəlxalq qiymətləndirmə şirkətləri ilə artıq təmaslar qurulub və vacib məqamlardan biri məhz beynəlxalq səviyyəli qiymətləndirmə şirkətlərinin Ermənistandan dəymiş zərərin hesablanmasıdır ki, bundan sonra beynəlxalq məhkəmədə məhz təzminatla bağlı iddia qaldırılsın. Vurulan zərərin dəyəri yüz milyardlarla ölçülür və zərərin qarşılanması Ermənistanın gücündə olan bir məsələ deyil. Tarixən belə bir nümunə var ki, zərər vuran tərəf onu maddi cəhətdən ödəyə bilmirsə, o zaman onu hansısa bir formada ərazi mübadiləsi ilə kompensasiya etməyə çalışır. Əlbəttə ki, nəzəri baxımdan bu mümkündür. Amma bütün məsələlər proseslərin necə gedəcəyindən asılı olacaq. Təbii ki, sülh müqaviləsi danışıqlarında bu məsələnin gündəmə salınması ilə bağlı bir söz demək çətindir".


Politoloqun sözlərinə görə, bu məsələ gündəmdə qalmalı və öz həllini tapmalıdır:

 

"Bu məsələlər çox güman ki, müzakirə olunur. Amma bu məsələ kifayət qədər mürəkkəb olacaq. Belə ki, işğal dövründə Ermənistanın arxasında dayanan, onu işğala təşviq edən, dəstəkləyən qüvvələr buna mane olmağa çalışacaqlar və nəzərə alsaq ki, ümumiyyətlə, beynəlxalq təşkilatların əksəriyyəti, o cümlədən, beynəlxalq cinayət məhkəməsi ədalət məhkəməsi də xeyli dərəcədə siyasiləşib və böyük güclərin təsiri altındadır. O zaman belə qənaətə gəlmək olar ki, bu məsələ xeyli zaman və zəhmət tələb edəcək".

 


Günel Verdiyeva