Rusiya-Ukrayna arasında sülh olacaq?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 20:30 13.11.2024

Gərginləşməkdə olan Rusiya-Ukrayna müharibəsinin fonunda Trampın prezident seçilməsi ümidvericidir.  

 

Hər kəsə Trampın “24 saat ərzində sülhü təmin edə bilərəm”,-deyə bəyanatının nə dərəcədə real olması bir növ məlumdur. Əgər sülh təmin olunarsa, burada diktə edən tərəf kim olacaq ? Putin yoxsa Zelenski ?

 

Mövzu ilə “informator.az”a açıqlmasında politoloq Rizvan Hüseynov bildirib ki, heç kəs Rusiya-Ukrayna müharibəsinin kimin xeyrinə həll olunacağını deyə bilməz:

 

“Müharibə nə Rusiyanın, nə də Ukraynanın xeyrinədir. Qərb bir tərəfdən Ukraynanı istifadə edərək savaşır, digər tərəfdən isə Çin Rusiyadan istifadə edərək Qərblə savaşır. Belə deyək, bu savaşın əsas xeyir görənləri Çin və ABŞ-dir. Ən böyük zərərçəkən Ukrayna, Avropa və işğalçı Rusiyadır. Baxmayaraq ki, Rusiya işğalçıdır, amma bununla da bərabər böyük itkilər verib. Tərəflərin diqtə şərtlərinə gəldikdə isə əslində Rusiya Ukraynanın geniş əraziləri işğal edib. Təxminən 18-20% ərazi işğal edilib və Rusiyanın vəziyyəti daha əlverişlidir ki, danışıqlarda güzəştə getməyə şansı var. Bu vəziyyət isə Ukraynan hakimiyyəti üçün çətindir. Ukrayna sülhə getsə, cəmiyyətdə suallar yaranacaq ki, bu 2 ildə gedən müharibənin əgər sonluğu bu idisə bu qədər itki nəyə lazım idi ? Sülhə inanmıram, amma hər halda atəşkəs ola bilər. Ukrayna cəmiyyətinin bir hissəsi deyir ki, müharibəyə getmədən Rusiya ilə danışıqlar aparmaq olardı”.

 

Ekspertin sözlərinə görə, dəfələrlə əlverişli vəziyyət yaranıb, bu vəziyyətlərdə Ukrayna Rusiyaya şərtlər diktə edə bilərdi, amma Ukrayna hakimiyyəti bu şanslardan istifadə etmədi:

 

“Qərbdən hərbi, texniki, siyasi dəstək gəlmədi, həm də Ukrayna hakimiyyəti özü də reallığı nəzərə almadan kənardan gələn məsləhətlərlə siyasi addımlar atdı. Nəticədə ağır vəziyyətə düşdü və ərazilərin daha çox qismi işğal olundu. Silah-sursat gəlmir, Qərbdən dəstək azalır. Ukrayna ordusunun sıralarında boşluqlar yaranır, əsgər və zabitlər azalır. Bunlarıda toplamaq çox çətindir. Ona görə də indi ABŞ-də hakimiyyətə gələn Tramp deyir ki, müharibəni dayandıracaq, amma deməklə etmək arasında böyük fərq var. İndiki vəziyyət Rusiyanın xeyrinədir və Rusiya danışıqlara gedər, amma öz şərtlərini diktə edərək. Bu vəziyyətdə Tramp Ukraynaya əlavə hərbi, siyasi dəstək verəcək. Amma bilinmir, Ukrayna bu ağır vəziyyətdə həmin hərbi tapşırıqları yerinə yetirəcək ya yox. Yəni bu vəziyyətdə Tramp öz dediyini necə edə biləcək bilinmir, Ya Rusiya, ya da Ukrayna danışığa getməsə Tramp bu məsələni necə həll edə biləcək? Ona görə də hələ ki bu məsələdə dəqiq mövqe bildirmək çətindir”.

 

Günel Verdiyeva