Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin üçtərəfli görüşü keçirilib
Bölmə: Siyasət › ,Tarix: 19:42 14.11.2024
Keçirilən görüşdə üç ölkənin liderləri regional əməkdaşlığın möhkəmləndirilməsi və qarşılıqlı maraqların təmin edilməsi istiqamətində bir sıra mühüm məsələləri müzakirə ediblər.
Bəs bu görüş bizə nə vəd edir?
Məsələ ilə bağlı politoloq Kazım Kazımov "İnformator.az"a açıqlamasında bildirib ki, biz hər iki dövlətlə tarixi bağlara sahibik:
" Azərbaycanla Qazaxıstan və Özbəkistan arasında əlaqələr ciddi şəkildə inkişaf edir. Həm ayrılıqda, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində bizim Orta Asiya ölkələri ilə, xüsusən Qazaxıstan və Özbəkistanla əlaqələrimizin genişlənməsinin siyasi və iqtisadi tərəfləri var. Azərbaycan, həmçinin Qazaxıstan və Özbəkistan çalışır ki, Türk Dövlətləri Təşkilatı iqtisadi, siyasi və hərbi cəhətdən vahid platformada çıxış edən ölkələrə çevrilsin. Eynilə, bu görüş regiondakı strateji əməkdaşlıqları gücləndirməyə, eləcə də daha geniş beynəlxalq və regional məsələlərə dair vahid yanaşma formalaşdırmağa imkan verir".
Politoloq sözlərinə görə, regional təhlükəsizlik məsələlərində və beynəlxalq münasibətlərdə Azərbaycan, bu ölkələrlə sıx əməkdaşlıq edərək öz mövqeyini möhkəmləndirə bilər:
" Bu görüş həm də Azərbaycanın diplomatik səylərinin gücləndirilməsi və regional birliyə daha böyük töhfə verməsi baxımından mühüm bir mərhələdir".
Zəhra Məmmədova