"İran hələ də öz bədbin niyyətindən əl çəkməyib.."

Bölmə: Siyasət › ,
Tarix: 16:17 15.11.2024

İran prezidenti Məsud Pezeşkian Bakıda keçirilən COP29 toplantısına gəlməyib. Səbəb olaraq isə İsrail nümayəndə həyətinin iştirakını göstərib. O bildirib ki, Bakıda keçirilən sammitə vitse-prezident və Ətraf Mühit Təşkilatının rəhbəri Şina Ənsari qatılıb. Pezeşkian daha əvvəl Azərbaycana gələcəyini qeyd etsə də, sonradan səfər təxirə salınıb.

 

 İran-Azərbaycan münasibətləri Pezeşkianın bu çıxışından sonra necə inkişaf edəcək?

 

Mövzu barəsində politoloq Sultan Zahidov ‘’informator.az’’a açıqlamasında bildirib ki, İran 2-ci Qarabağ müharibəsindən sonra Azərbaycanın güclənməsini, regionda yaratdığı yeni geosiyasi reallıqları və türk birliyinin yaranmasını həzm edə bilmir:

 

‘’ İran düşünür ki, yeni yaranan reallıqlar İranın geosiyası əhəmiyyətinin azalmasına gətirib çıxaracaq. Azərbaycan-Ermənistan münasibətləri normallaşarsa, İranın hər iki ölkə üçün geosiyasi dəyəri azalacaqdır. Pezeşkianın əvvəldən söz verib sonra gəlməməsi onu göstərir ki, İran hələ də öz bədbin niyyətindən əl çəkməyib. COP29-un Azərbaycanda keçirilməsi Azərbaycanın artan beynəlxalq çəkisinin göstəricisidir. Bu qüvvətlənmə İranın həzm edə bilmədiyi bir aspektdir".

 

Politoloq bildirib ki, İsrailin tədbirdə iştirak etdiyi üçün İranın qatılmaması bir bəhanədir:

 

‘’Çünki, Belarusya ilə münasibətləri olmayan xeyli Avropa ölkəsi, o cümlədən Polşa, Böyük Britaniya və başqa ölkələrin nümayəndələri yüksək səviyyədə iştirak etdilər və heç bir bəhanə gətirmədilər. Bu hadisə bir daha onu göstərir ki, İran rejiminin Azərbaycana yönəlik siyasətində konstruktiv məqamlar daha azdır’’.

 

Sevinc Yarməmmədova