"BMT-nin İqlim Dəyişikliyi Konfransı dünyanın Azərbaycana olan etimadıdır.."
Bölmə: Siyasət › ,Tarix: 19:51 15.11.2024
"BMT-nin İqlim Dəyişiklikləri üzrə COP29 Konfransı davam edir. Artıq bu konfransın 5-ci günüdür və bu günün əsas mövzusu Azərbaycanın təşəbbüsü ilə qaldırılan iqlim və sülh mövzusudur".
Bu sözləri "informator.az"a açıqlamasında politoloq Tural İsmayılov deyib.
Onun sözlərinə görə, COP29 tədbiri Azərbaycanda uğurla təşkil olunur:
"Tədbir çərçivəsində Heydər Əliyev Mərkəzində ekoloji mövzulara həsr olunmuş sərgilər, "Green Digital Action" layihəsi və yüksək səviyyəli müzakirələr təşkil edilir. COP29 həmçinin yaşıl enerji, rəqəmsal innovasiyalar və beynəlxalq əməkdaşlıq üçün önəmli müqavilələrin imzalanmasına imkan yaradıb. Eyni zamanda, regional və beynəlxalq nümayəndələr iqlim problemlərinə həsr olunmuş çıxışlar edib və həll yollarını müzakirə ediblər".
"Bundan əlavə, bu gün Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov İqlim və sülh mövzusudakı xüsusi panel iclasında bütün dünyanın iqlim təhlükəsizliyi, sağlam ekomühit üçün sülh və barış şəraitində yaşamalı olduğunu vurğulayıb. Əslində Azərbaycan hələ COP29-dan əvvəl bütün dünyada savaşan tərəflərə silahı yerə qoymaqla bağlı çağırış edib. Təbii ki, bu çağırışın davamı olaraq bu gün COP29-dakı dinləmələrdə də Azərbaycan uğurlu ev sahibi kimi çıxış etməyi ilə yanaşı vacib müzakirə mövzularının əsas təşəbbüskarı və təşviqatçısı qisimində çıxış edir. Eyni zamanda xüsusi panel iclasları ilə bərabər, həm mavi zonalarındakı iclas zallarında gün ərzində axşam saat 9-a qədər müzakirələr aparılacaq. Həm də bütün vətəndaşlarımızın pulsuz bilet alıb iştirak edə biləcəyi mavi zonadakı pavilyonlarda da müxtəlif səpkidə müzakirələr davam etdiriləcək".
Politoloq COP29 tədbirinin Azərbaycan üçün olan rolundan da danışıb:
"Bu tədbir Azərbaycanın qlobal iqlim müzakirələrində mövqeyini gücləndirərək, regionun iqlim dəyişikliyi ilə bağlı səylərində mərkəzi rol oynadığını göstərir",-deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov