Fransa və digər Qərb dövlətləri Cənubi Qafqazda olmaq istəyirlərsə...
Bölmə: Siyasət › ,Tarix: 20:36 15.11.2024
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərlə söhbətində "Fransanın ekologiya, energetika və iqlim naziri Anyes Pannye-Runaşenin Bakıya, COP29-a gəlməyəcəyi ilə bağlı verdiyi qərar yanlışdır" deyib.
Bu sözlər özündə nəyi ehtiva edir ?
Qeyd olunan fikirlər siyasi istiqamətdə hansı rola malikdir?
Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov "informator.az"a açıqlamasında qeyd edib ki, Fransanın COP-29-da iştirak etməməsi bu tədbiri siyasiləşdirdiyinin göstəricisidir, lakin iqlim məsələlərinin heç bir siyasi tərəfi yoxdur, buna siyasi baxış bucağından əsas gətirə bilməzlər:
"Fransa vaxtilə COP-29-un ölkəmizdə keçirilməsini dəstəkləmişdi, indi isə bu tip qeyri-sabit hərəkətlər, anti-təbliğat kampaniyası onun sadəcə olaraq riyakarlığıdır. Eləcə də bu tədbir Azərbaycanda keçirilir, lakin BMT-ə məxsusdur. Bu baxımdan, Fransanın belə bir addımı BMT-ə qarşı hörmətsizlikdir".
Eyni zamanda Ermənistandan da sözügedən tədbirə nümayəndə gəlmədi, düzdür, qarşıdakı günlərdə bu ölkədən hər hansısa bir nümayəndənin gəlməsi də istisna olunmur:
"Çox böyük ehtimaldır ki, Ermənistanın belə bir qərarının arxasında Fransa və onun təzyiqləri dayanır. Belə olduğu təqdirdə Fransa bu addımı ilə, bir növ Ermənistana nümunə olaraq, onu manipulyasiya etməyə çalışır. Bu baxımdan da Fransa və digər Qərb dövlətləri Cənubi Qafqazda olmaq istəyirlərsə, burada ən güclü faktor olan Azərbaycanla münasibətləri yaxşılaşdırmalıdırlar. Hazırki vəziyyətdə isə, Fransa bu tip addımlar sərgiləməsi ilə belə bir şansını əldən verir".
Aytac Kərimova