İlin sonuna qədər Ermənistan-Azərbaycan arasında sülh sazişi imzalana bilər-AÇIQLAMA
Bölmə: Siyasət › ,Tarix: 12:15 18.11.2024
Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunması siyasi mühitdə əsas müzakirə mövzularından biri olub, müxtəlif görüşlərdə danışıqlar yolu ilə həllinə çalışılır. Lakin bu məqamda Ermənistan həm sülh sazişi istədiyini bildirir, həm də Konstitusiyasında bununla bağlı hər hansı bir dəyişikliklər yerinə yetirmir. Bu məqamda isə sual yaranır.
Ermənistan belə bir sazişdən yayınırmı?
Mövzu ilə bağlı politoloq Turan Rzayev informator.az-a açıqlamasında qeyd edib ki, sülh üçün illərlə mümkün olmayan çox real bir fürsət yaranıb:
"Digər tərəfdən isə, qarşı tərəf prosesləri uzatmaqla məşğuldur. Ermənistan tərəfi bu barədə təkliflər irəli sürür, lakin sonra arxasında dayanmayıb, heç bir effektiv addım atmırlar. Belə bir formada sülh olmur. Eləcə də Ermənistanın COP-29-da iştirak etməsi sülhlə bağlı ən effektiv addımlardan olduğu təqdirdə o bundan yayındı. Yenə də görünür, Azərbaycan hələ də bu məsələyə pozitiv yanaşır və bu da bizim mövqeyimizin əvvəldən sülhlə bağlı olmasından irəli gəlir".
İlin sonuna qədər Ermənistan-Azərbaycan arasında sülh sazişinin əldə olunması gözləniləndir:
"Təbii ki, belə bir məqamda qarşı tərəfin atmalı olduğu addımlar var. Bunlardan biri də Konstitusiyalarında müəyyən dəyişikliklərin edilməsi və müstəqillik bəyannaməsində ərazi iddialarını özündə əks etdirən nüansların sıradan çıxarılmasıdır. Bunlara dəyişiklik edilmədiyi müddət ərzində Ermənistanın sülhdən danışması hələ tezdir".
Aytac Kərimova