Demokratiyanın inkişafı və çağırışlar
Bölmə: Siyasət › ,Tarix: 19:52 18.11.2024
Demokratiya hər ölkədə fərqli şəkildə inkişaf edir. Bu, dövrə, zamana və cəmiyyətin qavrayış səviyyəsinə uyğun olaraq tərəqqi edir.
Bu sözləri "informator.az"a açıqlamasında ekspert Tural İrfan deyib.
Onun sözlərinə görə, hər bir ölkə üçün eyni demokratiya modelini tətbiq etmək gülünc olardı:
"Demokratiya tədricən və cəmiyyətin xüsusiyyətlərinə uyğun inkişaf edir. Azərbaycan da demokratik ölkədir. Hesab edirəm ki, çox sayda müsəlman və Şərq ölkəsindən daha çox inkişaf edib. Müstəqillik dövrümüzdən bu yana tam demokratikləşmə üçün o qədər də çox zaman keçməyib. Bu səbəbdən, yüz illərlə demokratik olmuş ölkələrlə müqayisə etmək doğru olmaz. Lakin buna baxmayaraq, Azərbaycan demokratik dəyərləri lazımi şəkildə dəyərləndirir və bu yolda inkişaf edir".
Ekspert insanların özlərinin demokratikləşməsini, vətəndaşları demokratik düşüncə tərzi ilə maarifləndirməyin lazım olduğunu da vurğulayır:
"İnsanlar demokratik düşüncə tərzinə yiyələnmədikcə hakimiyyətlər onları məcbur edə bilməz və bu faydasız olar. Müasir texnologiyalar və sosial şəbəkələrin bu sahədə böyük rolu var. İnsanlar, xüsusilə müasir texnologiyalardan və mediadan səmərəli istifadə etməklə cəmiyyətin demokratikləşməsinə töhfə verə bilərlər",-deyə o, fikirlərini yekunlaşdırıb.
Xanım Ağamalıyeva