“COP29 Sammitində İsrail Prezidentinin iştirak etməməsi- təhlükəsizlik və diplomatik aspektlər” -Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 18:05 19.11.2024
Bu il Bakıda keçirilən COP29 sammiti bir çox dünya liderini bir araya gətirdi, lakin İsrail Prezidenti İsaak Hersoqun iştirak etməməsi diqqət çəkdi. İsrail Prezidentinin bu mühüm tədbirdə iştirak etməməsi, təhlükəsizlik narahatlıqları və diplomatik əlaqələrin gərginliyi ilə bağlı müzakirələrə səbəb oldu.
Türkiyənin İsrail prezidentinə hava məkanını açmaması gözlənilən idi ?
Mövzu ilə bağlı politoloq Yeganə Hacıyeva “informator.az”a açıqlaması zamanı bildirib ki, Türkiyə və İsrail münasibətlərinin ifrat gərginlik haqqında danışılan sözlər bir az şişirdilmiş fikirlərdir:
“Çünki hər hansı iki ölkə arasında siyasi ritorikanın necə səslənməsindən asılı olmayaraq münasibətlərin dərəcəsini iqtisadi indekslər müəyyən edir. Münasibətlərin real vəziyyətlərini göstərir.
İqtisadi indekslərə görədir ki, bu gün İsrail və Türkiyə arasındakı münasibətlər tarixinin ən yaxşı vaxtlarından birini yaşayır. Amma Türkiyə müsəlman dünyasında tarixən liderlik rolunda olub və indi də Türkiyə müsəlman dünyasının lideri rolunu oynamağa iddialıdır. Buna görə də Fələstin və Qəzzada baş verənlərlə bağlı İsrailə münasibətdə daha çox radikal ritorika ilə çıxış edir. Ancaq dediyim kimi bu sadəcə siyasi ritorikalardır. İqtisadi münasibətlərin tam əksini göstərir. Çünki iqtisadi münasibətlər kifayət qədər inkişaf edib”.
Politoloq qeyd edib ki, Türkiyənin İsrail prezidenti üçün hava sərhədlərini açmamasını əsas təhlükəsizlik aspekti üzərindən dəyərləndirmək lazımdır:
“İndi üçüncü ölkələrdə İsrail rəsmilərinə suiqəsdlər saysız hesabsızdır. İsrail Prezidentinin təyyarəsi üçün hava məkanının verilməməsi birbaşa təhlükəsizlik məsələləri ilə bağlıdır. Təhlükəsizlik məsələlərində də Türkiyə daha sonra ona bildiriləcək iradın qarşısını almaq üçün, baş verənlərə görə sonra məsuliyyət daşımamaq üçün hava limanını bağlayıb”.
Bakı bu addımı necə qiymətləndirəcək ? - sualını politoloq belə açıqlayıb:
“Bu olayın Türkiyə-Azərbaycan münasibətlərinə təsiri aspektindən danışırıqsa mən düşünürəm ki, Azərbaycan, Türkiyənin bu haqqını tanıyır və bunu anlayışla qəbul edir.
İsrail prezidentinin COP29-da iştirak etməməsini qəbul edib və buna görə də heç bir rəsmi reaksiya göstərməyib.
Ümumilikdə Azərbaycan COP29-un ətrafında siyasi manevrların daha az olması arzusundadır , Azərbaycan üçünsə bu tədbirin daha siyasiləşməsi mənfi və arzu edilməyəndir. Eyni mövqeni həm də BMT sərgiləyir, çünki İsrail rəsmilərinin iştirak etdiyi istənilən tədbirlər son zamanlar etirazlar və ifrat siyasi ritorikalarla müşaət olunur.
Məhz bu faktor üzərindən İsrail prezidentinin COP29-da iştirak etməməsi, Türkiyənin hava məkanını bağlaması hamının işini rahatladıb deyə bilərik.
Odur ki, sadəcə olaraq "COP29-da Azərbaycana görə bağlanılıb" və ya "Azərbaycanda işlər getməsin" kimi fikirlərlə izah etmək doğru deyil. Bu hadisə daha geniş və kompleks faktorlara əsaslanır və yalnız bir səbəblə məhdudlaşdırıla bilməz.
Təhlükəsizlik, diplomatik əlaqələr və beynəlxalq səviyyədəki vəziyyət kimi bir çox amillər nəzərə alınmalıdır”,-deyə o, fikirlərini yekunlaşdırıb.
Meşədiyeva Türkanə