“Trampın Ukrayna münaqişəsinə yanaşması bir çox hallarda yanlış anlaşılır”-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:08 19.11.2024
ABŞ prezident seçkilərində qalib gələn Donald Tramp seçkidən əvvəl bir sıra vədlər verdi. Hər kəsə maraqlıdır ki, Tramp verdiyi vədləri yerinə yetirə biləcəkmi ?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı bildirib ki, Trampın Ukrayna münaqişəsinə yanaşması bir çox hallarda yanlış anlaşılır:
"Tramp Ukrayna müharibəsini bitirəcəyini dedikdə, Ukraynanı təslim edəcəyini demək istəmir, o demək istəyir ki, şərtlər qoyacaq və bu şərtlər ABŞ-nin tam maraqlarına uyğun şəkildə hazırlanacaq. Burada da, həm Rusiyanın, həm də Ukraynanın bir-birinə güzəştə getməsi nəzərdə tutulacaq. Artıq burada vəziyyətin necə olacağını zaman göstərəcək və Ukraynada hər şey bundan asılı olaraq dəyişəcək. Yəni, Trampın şərtləri hər iki tərəfdən qəbul ediləcəksə, atəşkəs olacaq".
Siyasi şərhçi tərəflərin razılığa gəlməməsi təqdirdə nələrin ola biləcəyindən də söz açıb:
"Əgər, tərəflərdən biri və ya hər ikisi bundan imtina edərsə onda bölgədə daha ciddi münaqişələrin şahidi ola bilərik. Xüsusən də, Ukrayna Trampın irəli sürdüyü şərtlərlə razılaşmazsa, onda Rusiya və ABŞ-nin Ukraynadaki qlobal qarşıdurması daha ciddi xarakter ala bilər. Yaxın Şərq məsələsinə gəldikdə isə, Tramp açıqlamalarda İsrailin özünü müdafiə haqqının olduğunu və buna dəstək verəcəklərini deyir. Əslində, ABŞ-də bir çox siyasətçilər bu nöqtədən çıxış edirlər. Yəni, bu gün faktiki davam edən münaqişə fonunda biz görürük ki, İsrail özü Qəzzada, Fələstinin digər hissələrində, Livanda və Suriyada əməliyyatlar keçirir. Burada bir növ İsrail özü başqa ölkələrin ərazilərindədir. Amma ABŞ tərəfini həmçinin Trampı müdafiə etdiyi ssenaridə İsrailin özünü müdafiə hüququ deyilir. Yəni, burada birmənalı olaraq İsraili dəstəkləyəcəklərini bildirmək istəyirlər. Belə olan halda, Yaxın Şərqdə münaqişənin bitməsi üçün ya İsrail ya da onun mübarizə apardığı qarşı tərəflər məğlub olmalıdır".
Günel Verdiyeva