Nüvə silahı təhdidi-Rusiyanın istifadə ehtimalı nə dərəcədə realdır?

Bölmə: Siyasət › ,
Tarix: 22:39 19.11.2024

 

"Rusiya taktiki nüvə silahından istifadəyə qərar verərsə, bu, Rusiya üçün çox ciddi problemlərə səbəb ola bilər".

 

Bu sözləri "informator.az"a açıqlamasında analitik jurnalist Kazım Kazımov söyləyib. Şərhçi bu gün Rusiyanın öz torpaqlarını müdafiəsi üçün nüvə silahından istifadə etmə ehtimalından da bəhs edib:

 

"Nüvə silahı tarixən bəşəriyyətin ən ciddi problemlərindən biri olaraq qalmaqdadır. İkinci dünya müharibəsinin son mərhələsində Hiroşima və Naqasaki şəhərlərinə atılan atom bombalarının nəticələri bu gün də beynəlxalq ictimaiyyət tərəfindən dəhşətlə xatırlanır. Bu səbəbdən, nüvə silahından yenidən istifadə ehtimalı insanlıq üçün ciddi narahatlıq doğurur. Rusiyanın nüvə silahından istifadə perspektivinə gəldikdə isə, hazırda Rusiya ərazisinə hansısa ciddi bir hücum yoxdur ki, "son çarə" olaraq buna əl atsın".

 

Kazım Kazımovun sözlərinə görə, Rusiya bu gün nüvə silahından istifadə etmə məcburiyyətində deyil:

 

"Ukrayna müharibəsi davam etsə də, döyüş əməliyyatlarının əsasən Ukrayna ərazisində cərəyan etməsi və Ukraynanın Rusiya ərazisini genişmiqyaslı nəzarətə götürəcək hərbi gücə malik olmaması bu ehtimalı daha da azaldır. Vaxtaşırı bu mövzu haqqında Rusiyada müxtəlif şəxslərdən eyhamlar eşitsəkdə, aydındır ki, bu gün Rusiyanın nüvə silahından istifadə etməsi üçün heç bir əsas yoxdur".

 

Fatimə Abdulrəhimli