Azərbaycan və İran arasında əməkdaşlıq protokolu imzalanıb
Bölmə: Siyasət › ,Tarix: 20:27 20.11.2024
Azərbaycan və İran əvvəlcə Xəzər dənizində hərbi təlimlər keçirib. Daha sonra isə hərbi əməkdaşlığa dair protokol imzalayıb. İki dövlət arasında münasibətlərin bu yolda olması sevindirici haldır.
Mövzu ilə bağlı politoloq Natiq Miri ‘’informator.az’’a açıqlamasında bildirib ki, Azərbaycanla İran arasında hərbi təlimlərin keçirilməsi və hərbi əməkdaşlıq məsələsi daha çox balans yaratmağa hesablanıb:
"İran elə bir dövlətdir ki, onunla uzunmüddətli normallaşma mümkünsüz kimi görünür. Çünki stabil bir dövlət deyil. Bu gün İran Ermənistanla da bütün sahələr üzrə, eyni zamanda, hərbi əməkdaşlıq hətta, bəzi hərbi silahların Ermənistana ötürülməsi yönündə də ciddi əməkdaşlıq edir. Ona görə də, Azərbaycanla bu cür təlimlərin keçirilməsi və hərbi əməkdaşlıq məsələsi daha çox balans yaratmağa hesablanıb. Ancaq hər bir halda Azərbaycan xoşniyyətli olduğu üçün və özü üçün düşmən deyil, daha çox dostların sayını artırmaq üçün bu cür əməkdaşlığa hər zaman hazırdır və demək olar ki, bu yöndə Azərbaycanın xarici siyasəti bir prioritet olaraq qəbul olunur. Eyni şeyi İran haqqında demək mümkün deyil. Bundan başqa, bu gün Azərbaycanla əməkdaşlıq etmək istəyən birdə İranın türk olan prezidenti var ki, Məsud Pezeşkian. Bunun özü də müəyyən mühit yaradır ki, bu əməkdaşlıq bundan sonra isti məcrada inkişaf etsin. Çünki Azərbaycana qarşı düşmənçilik siyasəti, islam inqilabı ixracı kimi açığı mümkünsüz idealogiyalar münasibətlərə ciddi şəkildə zərər verir. Ona görə də, Azərbaycanla düşmən olmaqdansa, İranın Azərbaycanla dost olmağı seçməsi düşünürəm ki, həm İran dövləti, həm onun xalqı üçün müsbət bir seçim olardı. Ümid edək ki, hərbi yöndəki əməkdaşlıq sadəcə gözdən pərdə asmaq xarakterli və konkret geosiyasi niyyətlərə xidmət etmir və bu əməkdaşlığı artırmaq, inkişaf etdirmək və digər sahələrə də siraət etmək və ən azından Azərbaycana münasibətdə səmimi olmağı seçmək hər iki dövlət adına doğru addım olardı".
Günel Verdiyeva