"NATO Ukraynanı od-alov içindən çıxarda bilmir" -POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 19:17 02.12.2024

"İndiki halda Rusiya Ukrayna müharibəsinin tam olaraq köklü şəkildə yekunlaşacağı o qədər də ciddi və real görünmür.

 

Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Tural İsmayılov deyib. 

 

Onun sözlərinə görə, müharibənin yekunlaşması üçün bir sıra məslələr öz həllini tapmalıdır:

 

“Münaqişənin tam olaraq yekunlaşması Rusiyanın tutduğu bütün əraziləri Kiyevə qaytarması fonunda baş tuta bilər. Lakin bu indiki məqamda ağlabatan görünmür. Ukrayna bu günə qədər Qərbin ona daha çox dəstək verəcəyi və itirdiyi əraziləri geri qaytaracağına ümidli idi. Amma Qərb Ukraynaya bir çox formatlarda dəstək olsa da, təəssüf ki, nəticədə Kiyevi atdığı od-alovun içindən çıxara bilmədi. Belə də, mövcud tendensiyanın şahidi olmaqdayıq. Müharibə ilə bağlı bütün təhlilçilərin gəldiyi qənaətə görə, məsələ uzun müddətə dondurulan münaqişə kimi xarakterizə ediləcək”.

 

Ekspertin fikrincə, Ukrayna Prezidenti Zelenskidə siyasi yorğunluq hiss olunur:

 

“O, münaqişəni donmuş vəziyyətə keçirərək, Ukraynada növbəti seçkilər təyin edə bilər. Belədə bundan sonrakı məsələləri, danışıqları və başqa nüansları isə gələcək hakimiyyətə təhvil-təslim edəcək. Hər halda Ukrayna münaqişəsində məsələnin donmuş fazaya keçməsi üçün ciddi iradə olmalıdır. Belə olan təqdirdə, sonrakı dövrdə danışıqlar başlaya bilər”.

 

Həmsöhbətimiz NATO-nun indiki dövrdə Ukraynanın işğal edilməyən ərazilərini rəsmi olaraq öz zəmanəti altına alacağına da inanmır:

 

“Ola bilsin, bağlı qapılar arasında Moskva ilə NATO arasında hansısa anlaşma olsun. Amma rəsmi şəkildə NATO-nun buna razılıq verməsi gələcəkdə Rusiyanın Ukraynaya növbəti hücumunda qurumu çıxılmaz vəziyyətə sala bilər".

 

Mayıl Soltanov