Azərbaycan və İran arasında münasibətlər -Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 21:53 05.12.2024
Bildiyimiz kimi, Azərbaycan və İran arasındakı münasibətlər tarixi, coğrafi və mədəni bağlar üzərində qurulsa da, bu əlaqələr siyasi və təhlükəsizlik məsələləri fonunda mürəkkəb xarakter daşıyır. İki qonşu ölkə arasında həm əməkdaşlıq, həm də ziddiyyətli məqamlar mövcuddur.
Bəs İranla Azərbaycanın sərhəd təhlükəsizliyi sahəsində əməkdaşlıq imkanları nələrdir?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında politoloq, Ümid Partiyasının Mərkəzi Aparatının rəhbəri Taleh Əliyev bildirib ki, Azərbaycan və İran İslam Respublikalarının min illik ortaq keçmişi, mədəni və dini ortaq dəyərləri olmasına baxmayaraq, İran İslam Respublikası Müstəqil Azərbaycanın varlığını qəbul edə bilmir:
" İran İslam Respublikası Azərbaycan Respublikası ilə normal qonşuluq münasibətlərinin qurulmasında və iqtisadi əlaqələrin inkişafında o qədər də maraq göstərmir. Biz Azərbaycanın inanclı insanlarından Azərbaycan dövlətçiliyinə qarşı bir təzyiq vasitəsi kimi istifadə etmək məqsədilə vətəndaşlarımızın İranın xüsusi xidmətli orqanlarla əməkdaşlığa cəlb olunmasında, Güney Azərbaycanda yaşayan təxminən 40 milyon soydaşımızın dil hüquqları başda olmaqla, digər mədəni hüquqlarının məhdudlaşdırılmasında, o cümlədən İranın Qarabağ müharibəsinin gedişi zamanı Ermənistana dəstək verməsində, həmçinin müharibə bitdikdən sonra Zəngəzur dəhlizinin açılmasına qarşı " Bu İranın qırmızı cizgisidir" deyərək Azərbaycanı Ermənistanla müharibədən çəkindirmək, təhdid edəcək şəkildə Azərbaycanın üzərinə gəlməsində və s. ilə bunun şahidi oluruq".
Politoloq, həmçinin inkişaf etmiş Azərbaycan Respublikasına qarşı İran İslam Respublikasının təzyiq və təhdid dili əvvəlki qədər keçərli olmadığını hazırkı İran hakimiyyətinin də fərqinə vardığını vurğulayıb:
" Bu gün İran Azərbaycanla təhdid dili ilə deyil, ən azından normal qonşuluq münasibətlərinin qurulmasına təşəbbüs göstərir. İran İslam Respublikasının keçmiş mərhum prezidenti ilə Azərbaycan Respublikasının prezidentinin Cəbrayıl rayonu istiqaməti, Xudafərin körpüsü ətrafında sonuncu görüşü, son aylarda Azərbaycan və İran hərbçilərinin həm dənizdə, həm də Ərdəbil şəhəri yaxınlığında birgə hərbi təlimlərin keçirilməsi və digər addımlar bunun bariz nümunəsidir".
Aydan Talıblı