Azərbaycanın Alternativ Enerji Potensialı-Yaşıl Gələcək Üçün Real Addımlar

Bölmə: İqtisadiyyat › ,
Tarix: 22:26 13.12.2024

Ölkədə yaşıl dünya naminə həmrəylik ili elan etmək və bununla bağlı geniş müzakirələr keçirmək heç nəyi həll etmir. Dəqiq addımlar atılmalıdır. Hökümət əgər dəqiq addımlar atsa, bu istiqamətdə uğurlar əldə edə bilər.

 

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli “informator.az”a açıqlamasında bildirib ki, hər bir ölkə öz vətəndaşlarına alternativ enerjinin istifadəsini təbliğ etməlidir:

 

“Azərbaycanın alternativ enerji mənbələri baxımından geniş imkanları var. Bu mənbələrdən istifadə etmək üçün Azərbaycan real addımlar atmalıdır. Məsələn əhalinin alternativ enerjidən istifadəsini təbliğ etməlidir, reklam çarxları qoymalıdır. Alternativ enerjidən istifadə üçün hüquqi normativ aktların sadələşdirilməsi lazımdır. Azərbaycanın böyük potensialı var. Azərbaycanda il ərzində günəşli günlərin sayı çoxdur, hardasa 300 günə yaxındır. Küləkli günlərin sayı çoxdur. Azərbaycanda çoxlu xırda çaylar, su axarları var, dəniz var, dalğa enerjisindən istifadə etmək mümkündür. Bütün bunlar Azərbaycanın alternativ enerji mənbələridir. Bu potensialı reallaşdırmaq üçün işlər görülməlidir. Məsələn, Almaniya 2 il ərzində ölkədə istehsal edilən elektrik enerjisinin 68 faizini alternativ və bərpa olunan enerjinin hesabına təmin edib. Yaşıl enerjinin inteqrasiyaya heç bir aidiyyatı yoxdur. Alternativ enerji mənbələrindən alınan enerji mənbələri texnologiyası hələ ki tam təkmilləşməyib. Mən hesab edirəm ki, yaxın 2-3 il ərzində hələ ki alternativ və bərpaolunan enerji ölkələr arasındaki inteqrasiyaya ciddi təsir göstərməyəcək. Çünki bu enerjinin mübadiləsi hələ səmərəli deyil. Hazırda hər bir ölkə öz vətəndaşlarına alternativ və bərpaolunan enerjinin istifadəsini təbliğ etməlidir”.

 

Ləman Ağayeva