"Şərq-Qərb Gərginliyi: Rusiya ilə NATO-nun Yeni Siyasi Arenası"
Bölmə: Siyasət › ,Tarix: 21:55 20.12.2024
Rusiya və NATO arasındakı qarşıdurma beynəlxalq münasibətlər sistemində uzunmüddətli gərginlik yaradan əsas mövzulardan biridir. Qərb ilə Rusiya arasındakı ziddiyyətlər hərbi, siyasi və iqtisadi səviyyələrdə özünü göstərir və bu qarşıdurma qlobal təhlükəsizlik balansına ciddi təsir edir.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Əziz Əlibəyli qeyd edir ki, NATO və Rusiya qarşıdurmasının konkret adı dünyanın bölüşdürülməsi uğrunda mübarizədir:
"Hazırda bir neçə sferada toqquşurlar. NATO şərqə doğru genişlənir və bu genişlənmə proqramı Rusiya ölkələrini əhatə edir. Nəticə etibarilə onların toqquşması əvvəl-axır baş verməli idi. İndi NATO özünü Ukrayna meydanında göstərir. Bir-birilərinə qarşı açıq müharibə aparmır, müvəkkil müharibə aparırlar. Rusiya son zamanlar NATO-nun müharibədə iştirak elementləri ilə bağlı özünün nüvə doktrinasını yenilədi. NATO üzvü olan ölkələri vura biləcəyi ehtimalına görə, hazırda NATO silahları ruslara qarşı savaşır. Bunlar aşağı-yuxarı muzdlular vasitəsilə baş verir. Amma real toqquşmaya keçmək nüvə müharibəsinin başlaması anlamına gəlir. Hazırda bunu reallaşdıra biləcək tərəf görünmür".
Zəhra Məmmədova