“Cənubi Qafqazda sülhün və əmin-amanlığın olmasını istəyirik”
Bölmə: Siyasət › ,Tarix: 20:08 25.12.2024
Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan Nikol Paşinyana Türkiyə ilə qarşılıqlı səfirliklərin açılması ilə prinsipial razılığın əldə olunduğunu bildirib və bu razılığın Azərbaycanla sülh sazişi imzalanmadan da həyata keçirilə biləcəyini deyib.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Elşad Həsənov bildirib ki, Türkiyə rəsmiləri dəfələrlə bildirib ki, Ermənistanla münasibətlər Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra normallaşacaq:
“Bəli, Ermənistan rəhbərliyi uzun müddətdir çalışır ki, Türkiyə ilə münasibətləri yaxşılaşdırsın, sərhəddi açsın və kommunikasiyalar açılsın. Yəni Ermənistan blokadadan azad olsun. Ancaq yadımıza salmalıyıq ki, işğal dövründə Türkiyə bunu etmədi. Sülh müqaviləsi bağlamağa yaxınlaşmışıq və biz Ermənistana öz təkliflərimizi göndərmişik. Təbii ki, biz istəyirik ki, sülh müqaviləsi dayanıqlı, uzunmüddətli olsun. Cənubi Qafqazda sülhün və əmin-amanlığın olmasını istəyirik. Ona görə də Ermənistanın təbii qəbul edilməlidir. Onlar blokadadan çıxmaq istəyirlər. Bununla da bağlı Türkiyə rəsmiləri ilə gizli görüşməyə çalışırlar. Amma bu da təbii ki Azərbaycandan gizlədilə bilməz. Çünki Türkiyə bizim qardaş dövlətimizdir və bu səbəbdən də sülh müqaviləsi imzalanmadan səfirliklərin açılması fikri növbəti Erməni iftirasıdır. Bu mümkün olan deyil. Çünki Türkiyənin prezidenti bildirib ki, Türkiyə və Ermənistan sərhədləri Azərbaycanla sülh müqaviləsi bağlandıqdan sonra açılacaq. Yəni bu gün onlar hazırlaşır, dəmiryolu problemlərini aradan qaldırırlar. Amma hesab edirəm ki, Ruben Rubinyanın verdiyi məlumat səhvdir. Çünki Azərbaycanın razılığı olmadan Türkiyə Ermənistanla sərhədlərini açmayacaq. Bunu Ermənilər birdəfəlik bilməlidir. Bunu Türkiyə rəsmiləri də dəfələrlə vurğulayıb. Ancaq hesab edirəm ki, Rəcəb Tayyib Ərdoğan bu yaxınlarda bildirdi ki, sülh müqaviləsinin imzalanmasına yaxınlaşılıb. Hakan Fidan da bunu təkrarlayıb. Arxada gedən danışıqlar bunu deməyə əsas verir ki, bizim irəli sürdüyümüz tələblər yerinə yetirildikdən sonra sülh müqaviləsi imzalanacaq. Bundan sonra hesab edirəm ki, həm Azərbaycan-Ermənistan, həm də Türkiyə-Ermənistan sərhədləri açılacaq və normal qonşuluq münasibətləri qurulacaq”.
Günel Verdiyeva