Ermənistanın Zəngəzur Dəhlizinə Nəzarət İddiaları

Bölmə: Siyasət › ,
Tarix: 21:38 13.01.2025

Ermənistanın Zəngəzur dəhlizinə nəzarət etmək istəyi regional gərginlikləri artırır. Baş nazir Nikol Paşinyan dəhlizin Ermənistan qanunlarına tabe olmasını tələb edir. Azərbaycan və Türkiyə isə xüsusi rejim tələb edərək Ermənistanın nəzarət-buraxılış məntəqələrinin olmamasını istəyir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Elxan Şahinoğlu qeyd edir ki, Ermənistanın bu mövqeyi üçtərəfli bəyanatlarla ziddiyyət təşkil edir və regional əməkdaşlığa mane olur:

 

"Zəngəzur dəhlizi mövzusu Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfərindən sonra aktuallaşıb. Ermənistanın blokadadan çıxaraq geoiqtisadi layihələrə qoşulmasında Zəngəzur dəhlizinin açılması əsas amillərdən biridir. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması isə bu dəhlizin reallaşmasının qarşısındakı ən böyük maneəni aradan qaldıra bilərdi. Beləliklə, Ermənistanın yeni inkişaf perspektivlərinə yönəlməsi üçün reallığa uyğun bir yol artıq mövcuddur. Lakin rəsmi İrəvanın bunun əvəzinə, ölkənin gələcəyini təhlükə altına qoyan Qərbin təklif etdiyi yolu seçməsi düşündürücü görünür. Bu qərarın əsas səbəblərini ABŞ, Avropa Birliyi və Fransanın Cənubi Qafqazdakı maraqları ilə yanaşı, Ermənistanın revanşist məqsədlərində axtarmaq mümkündür. ABŞ və Qərb regionda hərbi-siyasi gərginliyi artırmaqla yanaşı, Zəngəzur dəhlizinə nəzarət uğrunda Rusiya ilə mübarizə aparır. Kreml isə 10 noyabr tarixli üçtərəfli razılaşmaya istinad edərək Zəngəzur dəhlizinə Rusiya sərhəd qoşunlarının nəzarət etməsinin zəruriliyini vurğulayır. Buna cavab olaraq, Qərb siyasi dairələri Ermənistana təzyiq göstərməklə bu planı əngəlləməyə çalışır.


ABŞ, Avropa Birliyi və Fransa Zəngəzur dəhlizinə Rusiyanın nəzarət etməsinin qarşısını almaq üçün müxtəlif imkanlardan istifadə edir. Bu çərçivədə, Qərb Ermənistana dəhlizə xarici şirkətlərin nəzarət etməsi ilə bağlı təkliflər də irəli sürüb. Lakin bu yanaşma nə Rusiya, nə də Azərbaycan tərəfindən qəbul edilir. Üstəlik, Azərbaycan Qərb və Rusiyanın bu dəhliz uğrunda mübarizəsini izləmək niyyətində olmadığını dəfələrlə bəyan edib. Bakı alternativ variant kimi İran ərazisindən keçəcək yeni bir marşrutun tikintisinə başlayıb. Rəsmi Bakının Zəngəzur dəhlizi ilə bağlı geopolitik manevri hazırda həm Qərbi, həm də Rusiyanı müəyyən mənada oyundan kənar vəziyyətə salıb. Buna cavab olaraq, ABŞ və Qərb Ermənistanın “Sülh qovşağı” layihəsini irəli çəkməyə çalışır. Lakin bu layihənin gerçəkdən həyata keçməsi üçün Bakının razılığının vacib olduğunu yaxşı anlayırlar.


Eyni zamanda, Zəngəzur dəhlizi üzərində qarşıdurma dərinləşməkdədir. Kremlin Ermənistana təzyiqləri artdıqca, İrəvan Rusiyanın dəhlizi monitorinq edə biləcəyini vurğulamağa başlayıb. Lakin Rusiya yalnız monitorinq deyil, tam nəzarət hüququ əldə etmək niyyətindədir. Beləliklə, Zəngəzur dəhlizi regional güclər arasında “nifaq alması”na çevrilib. Paşinyan hakimiyyətinin qərarsız siyasəti isə Ermənistanı “sülh qovşağı” əvəzinə, böyük güclərin maraqlarının toqquşduğu bir arenaya çevirmək riski daşıyır".


Zəhra Məmmədova