“İranla İsrail arasında genişmiqyaslı müharibə mümkündür”-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:44 13.01.2025

“İsrailin İrana mümkün hücumu böyük müharibəyə səbəb olacaq”.

 

Bunu Çinin CCTV dövlət kanalına müsahibəsində İranın xarici işlər naziri Abbas Əraqçı deyib.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “informator.az” a açıqlamasında bildirib ki, İranın xarici işlər naziri böyük müharibəyə səbəb olacaq deməklə İranın mümkün qədər başqa ölkələrdə təxribat, terror törədəcəyinə işarədir:

 

“Əgər İrana hərbi müdaxilə olarsa , bu sadəcə nüvə məkanlarının sıradan çıxarılması ola bilər ki, bu zaman da İranın dediyi böyük müharibəyə ehtiyac qalmır. İran da həmişə olduğu kimi İsrailə bir neçə səhraya düşən raket ata bilər. Xarici işlər naziri bu sözlə əslində qorxduqlarını guya qorxutmaq kimi təqdim edir. Yox, əgər vaxtilə İraqa daxil olunduğu kimi İrana qarşı da bu cür koalisiya müdaxiləsi olarsa, bu zaman İran qəsdən müharibə alovunu böyütmək üçün əli çatan ölkələrdə mümkün qədər təxribat, terror təşkil edə bilər.

 

İsrail İrana müdaxilədən əvvəl İranın proksi qüvvələrini sıradan çıxarmaq istəyir. Hizbullahı müəyyən qədər zəiflətdi, liderlərini öldürdü. Suriyada İran dəstəkli Əsəd rejimi getdi. İndi sıra Yəmən Husilərindədir. Onların da müəyyən qədər təsirini azalda bilsələr, bu zaman İrana İsrail yox, ABŞ özü daxil ola bilər. Çünki İsrailin həm İranla uzun müddətli müharibə aparmaq potensialı yoxdur, həm də İranın proksi qüvvələri İsrailə hücumu davam etdirərək İran savaşına mane ola bilərlər.
Genişmiqyaslı müharibə mümkündür. Ancaq bu, ilin ortalarına doğru ola bilər. Çünki İsrailə yaxınlığı ilə seçilən Donald Trampın rəsmi fəaliyyətə başlaması yanvarın sonlarından başlayır və bundan sonra Yəmən Hüsilərinə hücum planlaşdırılır. Onlarla məsələ də mümkündür ki, 2-3 ay çəksin. Bundan sonra İranın qol-budağını tam budayıb təslim olmaq təklif edəcəklər, sonra da əsasən nüvə, istehsalı obyektlərinə, silah bazalarına zərbə endirilə bilər”.

 

Politoloqun sözlərinə görə, əgər müharibənin ətrafa genişləndirilməsi lazım olarsa , bunu İrana müdaxilə edənlər edə bilər, İran deyil:

 

“Çünki İranın müharibə aparmaq və hətta bunu genişlətmək potensialı yoxdur. Kənar müdaxilə ilə Həmas lideri yastığının içinə bomba qoyub ən "təhlükəsiz" məkanda öldürülürsə, həmçinin prezidentləri müəmmalı şəkildə həlak olursa, proksi qüvvələrinin liderləri bir - bir qısa müddətdə aradan götürülürsə, və İran bunlara heç bir təsirli cavab verə bilmirsə ,demək ,savaşı başlamaq və genişlətmək onun gücündə və ixtiyarında deyil. Əgər istəsələr, müdaxilə edən güclər İranı bəhanə edib genişlədə bilərlər ki, buna da Türkiyə imkan verməz.
İrana qarşı sanksiyaların Tramp hakimiyyəti dövründə götürüləcəyi inandırıcı deyil. Əksinə yeni ağır sanksiyalar gözlənilir. İran prezidenti Məsud Pezeşkiyan Qərb və ABŞ ilə yumşaq siyasət aparmaq istəyir, lakin onun gücü çatmır. Çünki o, hazırda ali dini liderin bir müşaviri rolundadır. İranın idarəçiliyi dini liderin və Sepah kimi dairələrin əlindədir. Hətta bəzi fikirlər var ki, sabiq prezidentin ölümünü də İrandakı daxili siyasi qüvvələr həyata keçirib. Belə olduğu halda prezident də cəsarətli addımlar ata bilmir. İranla ABŞ və İsrail münasibətləri gərginləşəcək. Çünki bu İsrailə sərf edir. İsrail İran təhdidini və proksilərin hücumunu əsas gətirib qonşu ərəb ölkələrinin torpaqlarını zəbt edir, qırğın törədir. Yəni, buna ən bariz əsas verən, zəmin yaradan İrandır. İranın İsrailə heç bir zərəri dəymir, əksinə faydası toxunur. Əgər İran təhlükəsi olmasa , İsrail heç bir hüquqi əsas tapıb Suriya, Livan kimi ölkələrə müdaxilə edə bilməz. İranın hələ toxunulmaz qalması buna görədir“.

 

Politoloq əlavə edib ki, İran hazırda Suriyada ABŞ və İsraillə birlikdə, hətta İraqdakı qruplarını da daxil etməklə hazırkı Suriya liderliyini devirməyi planlaşdırır:

 

“Çünki Əsəd İsrailin kifayət qədər istədiyini edirdi. İndi Suriyada bu yer boş qalıb. İran Suriyada qarışıqlıq yaratmaq istəyir. Rəsmilər açıq aşkar bəyan edirlər ki, Türkiyə dəstəkli indiki Suriya qüvvələri Fələstini işğal edən İsraildən daha pisdir, daha zərərlidir. Bunu İran deyib. Demək İsrailin yox, İran indiki Suriyanı hədəfləyib. İran İsrailə dolayı və birbaşa dəstəyini əyani şəkildə icra etsə, ola bilsin ABŞ İranın nüvə nöqtələrini vurmasın. ABŞ - nin xarici siyasətində İrana qarşı yumşaq heç nə gözlənilmir. İsrail İrana hərbi müdaxiləyə nail olacaq və Donald Trampı buna razı sala biləcək. Bu il ərzində İrana ya mümkün həlledici müdaxilə, ya da daxildəki qüvvələri qaldırmaqla iğtişaşlara start veriləcək. Rejimin çöküşü üçün həlledici müdaxilə isə proksi qüvvələrin susudurulmasından sonda baş verə bilər. İran da müəyyən qədər, öz gücü daxilində müharibəyə hazırlaşır. Hər bir halda İrana hərbi müdaxilə hər an ola bilər”.


Kəmalə Vəliyeva