Ermənistan tərəfinin Laçın istiqamətində atəşkəsi pozmasının səbəbi nədir?-ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 22:58 14.01.2025
“Ermənistan sülhdə maraqlıdırsa, ərazi iddialarından əl çəkməlidir”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyana cavabında deyib.
Mövzu ilə bağlı politoloq Sahil Kərimli “informator.az”a açıqlamasında bildirib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmamasının bir çox səbəbləri var:
“Bu səbəblərdən biri də — Ermənistanın hələ də Azərbaycana qarşı Konstitusiyada ərazi iddiaları irəli sürməsidir. Digər səbəblər — Ermənistanın ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı müraciət etməməsi, Qərb və Avropa dairələrinə arxalanaraq danışıqlar prosesinə qoşulmaması, Ermənistanın hazırkı rəhbərliyinin bir çox ziddiyyətli bəyanatlar verməsi və sərhədlərin delimitasiya və demarkasiya prosesinin uzadılmasıdır. Azərbaycan sülh müqaviləsinin imzalanması ilə paralel olaraq Zəngəzur dəhlizinin açılması ilə bağlı haqlı tələb irəli sürür. Azərbaycan Ermənistanı 2020-ci ilin noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın Zəngəzur dəhlizi ilə bağlı müddəasına əməl etməyə çağırır. Azərbaycanın irəli sürdüyü təkliflər haqlı və ədalətlidir”.
Politoloqun sözlərinə görə, Ermənistanın ərazi bütövlüyünə və suverenliyinə hər hansısa təhlükədən söhbət gedə bilməz:
“Bu gün Ermənistan bunu bəhanə edərək Qərbin və Avropanın alətinə çevrilib və bu məsələlərdə maneçilik edir. Azərbaycanla sülh müqaviləsi imzalamaqda qeyri-konstruktiv mövqe nümayiş etdirir. Bu isə bölgədə yeni münaqişə ocağının yaranması ilə nəticələnə bilər. Ermənistan son dövrlərdə, xüsusilə Laçın istiqamətində, atəşkəsi bir neçə dəfə pozub və Azərbaycanın sərhədlərində hərbi təxribatlar törədib. Bu da bölgədə vəziyyəti hər an gərginləşdirir. Yeni müharibə ocağı yaratmaq təhlükəsi mövcuddur. Bu, Cənubi Qafqaz üçün çox təhlükəli proseslərdir. Azərbaycan uzunmüddətli və dayanıqlı sülh istəyir, lakin Ermənistan buna mane olmağa çalışır.”
Müsahib Azərbaycanın haqlı tələblərindən də danışıb:
“Qərbi azərbaycanlıların, yəni uzun illər Ermənistanın hazırkı ərazisində yaşayan insanların və o ərazidən qovulan azərbaycanlıların yenidən ata-baba yurduna qayıtması tələb olunur. Bu gün Ermənistan adlanan dövlət tarixi Azərbaycan torpaqları ərazisində yaradılıb. Ermənistanın böyük bir hissəsi Azərbaycanın tarixi torpaqlarıdır. Tarixən bu ərazilərdə yaşayan xalqımızın nümayəndələri haqlı olaraq öz ata-baba yurdlarına qayıtmaq istəyirlər. Ermənistan Qərbi azərbaycanlıların öz evlərinə və obalarına qayıtmasını təmin etməlidir. Azərbaycan bu istiqamətdə də Ermənistan qarşısında bir çox tələblər qoyur. Lakin Ermənistan digər məsələlərdə olduğu kimi, Qərbi azərbaycanlıların öz evlərinə qayıdışı ilə bağlı da məkrli planlar həyata keçirir. Bu isə sülh prosesinə, mehriban qonşuluğa və Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində Azərbaycanın irəli sürdüyü siyasətə qarşı əks siyasət kimi görünür. Əgər Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirərsə, bölgədə uzunmüddətli sülhə nail olmaq çətin olacaq”.
Kəmalə Vəliyeva