Ukrayna Müharibəsi-Fransanın Avropa Təhlükəsizliyindəki Yeri
Bölmə: Siyasət › ,Tarix: 21:51 16.01.2025
Fransa xarici işlər naziri Jan-Noel Barro Ukraynada baş verənlərin həm Ukraynanın ərazi bütövlüyünə, həm də Avropanın təhlükəsizlik maraqlarına təsir etdiyini vurğulayaraq Fransanın bu müzakirələrdə iştirakının vacib olduğunu bildirib.
Politoloq Oqtay Qasımov “İnformator.az”a müsahibəsində Fransanın Ukrayna məsələsindəki mövqeyini və Avropadakı rolunu belə qiymətləndirib:
“Fransa xarici işlər naziri, təbii ki, bu bəyanatı səsləndirərkən Fransanın Avropadakı rolunu bir qədər şişirdib. Amma eyni zamanda nəzərə almaq lazımdır ki, Fransa BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biridir. Həmçinin o, nüvə dövlətidir və iqtisadi göstəricilərinə görə dünyanın aparıcı dövlətləri sırasındadır. Fransa hər sahədə və hər aspektdə inkişaf etmiş dövlətdir. Ərazisinə və əhalisinə görə də Avropanın böyük dövlətlərindən biri hesab olunur. Təbii ki, Fransanın Avropa İttifaqında və Avropa strukturlarında, xüsusilə Böyük Britaniya bu qurumları tərk etdikdən sonra rolu ciddi şəkildə artıb. Almaniya ilə birlikdə Avropada iki əsas aparıcı dövlətdən biri kimi çıxış edir”.
Politoloq qeyd edib ki, Fransa Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Ukraynanı dəstəkləyən ölkə kimi bir imic yaratsa da, əslində digər əsas dövlətlərdən fərqlənmir:
“Fransanın Kəşfiyyat Nazirliyi bütün məsələlərdə Fransanın iştirakını vacib hesab etsə də, Avropada bütün ölkələr bu mövqeni bölüşmür. Bir çox ölkələrin Fransa ilə münasibətlərində müəyyən problemlərin olduğu aydındır. Ukrayna məsələsində də Fransanın mövqeyi fərqlidir. Məsələn, ABŞ, Böyük Britaniya, eləcə də Almaniya və Polşa Ukraynaya Fransa və onun prezidenti Emmanuel Makrona nisbətən daha çox və daha səmimi dəstək göstəriblər. Buna görə də Fransanın Ukrayna ilə bağlı tutduğu mövqe əsas və həlledici deyil.
Ukraynadakı münaqişənin Avropa təhlükəsizliyinə təsiri barədə danışarkən, təbii ki, bu təsir birbaşa olub. Çünki Ukraynada gedən müharibə, taktiki baxımdan, İkinci Dünya Müharibəsindən sonra Avropa qitəsində baş vermiş ən böyük və ən qanlı müharibədir. Ukraynanın bir dövlət olaraq mövcudluğunun qorunması Avropa təhlükəsizliyi baxımından olduqca vacibdir. Bir çox Avropa dövlətləri başa düşür ki, Ukraynanın dövlət müstəqilliyinin təhdid altında olduğu bir dövrdə onlara da ciddi problemlər yarana bilər. Buna görə də Avropa ölkələrinin əksəriyyəti Ukraynanı ciddi şəkildə dəstəkləyir. Avropanın təhlükəsizliyi məsələsi gündəmə gələndə isə Fransa daha çox öz maraqlarını önə çəkir və Avropada liderlik rolunu oynamaq iddiasındadır. Lakin bu iddiaların reallaşması Fransa üçün o qədər də asan deyil”.
Xanım Ağamalıyeva