“Azərişıq” şimal bölgəsində geniş miqyaslı yenidənqurma işləri həyata keçirir

Bölmə: İqtisadiyyat › ,
Tarix: 11:33 23.09.2015

Ölkə əhalisinin keyfiyyətli elektrik enerjisi ilə təchizatı məqsədi ilə bu ilin fevral ayında  Prezident İlham Əliyevin  sərəncamına əsasən “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti  yaradıldı.  Yeni yaradılan qurum respublika ərazisində elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təminatını həyata keçirir. “Azərişıq” yaradıldıqdan sonra ilk olaraq şimal bölgəsinin rayon mərkəzlərində enerji təchizatı sahəsində yenidənqurma işlərinin həyata keçirilirməsinə başlanıldı. Artıq  bu işlər ucqar yaşayış məntəqələrini də əhatə edir.

Xaçmaz rayonunun Qıraqlı kəndinin sakinləri uzun müddət eneji sahəsindəki çatışmazlıqlardan əziyyət çəkib.  İstismar müddətini başa vuran köhnə elektrik dirəkləri, transformatorlar  kəndin fasiləsiz enerji ilə təminatına mane olurdu. Amma sadalanan çətinliklər tezliklə unudulacaq. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən kəndin elektrik təsərrüfatının tamamilə yenilənməsinə başlanılıb. Artıq  kənddə 2 min metrdən çox köhnəlmiş elektrik naqilləri müasir SİP kabellərlə əvəzlənib, mövcud transformatorlar isə əsaslı təmir edilir. Bununla yanaşı kənddə yeni məhəllələrə elektrik xətləri çəkiləcək.

Qıraqlı ilə yanaşı rayonun əksər kəndlərində, eləcə də rayon mərkəzində də xeyli işlər görülüb. Bu ilin əvvəlindən  rayon ərazisində 25 ədəd müxtəlif güclü istismar müddəti başa çatan köhnə transformatorlar yeni komplekt transformator məntəqələri ilə əvəz olunub. Həmin ərazilərdə 0.4 kilovoltluq şəbəkələr yenidən qurularaq 1452 ədəd yeni dəmir boru dayaq basdırılıb və həmin dayaqlara  36 min 125 metr məsafədə yeni SİP markalı kabellər çəkilib. Şəbəkə üzrə istismar müddəti bitən 1242 sayğac yeni elektron tipli sayğacla əvəz edilib.

Şimal rayonlarında mövcud vəziyyətin monitorinqi aparıldıqdan sonra “Azərişıq” ASC tərəfindən ilkin olaraq reabilitasiya planının həyata keçirilməsinə başlanılıb. Qısa müddətdə görülən bu tədbirlər sakinlərin etibarlı və keyfiyyətli enerji təminatına müsbət təsir göstərib.

Reabilitasiya dövründən sonra inkişaf proqramının ikinci mərhələsində mövcud şəbəkənin planlı şəkildə tamamilə yenidən qurulması nəzərdə tutulub. Bununla bağlı Prezident İlham Əliyev xüsusi göstəriş verib və bu mərhələdə görüləcək işlərin həcmi olduqca böyükdür.