Hava məkanını pozan Rusiyaya NATO-dan göz dağı

Bölmə: Siyasət › ,
Tarix: 17:39 17.01.2025

NATO, Polşa hava məkanına çox sayda Rusiya təyyarəsinin daxil olması ilə bağlı ölkədə yerləşdirilən 2 Norveç F-35 qırıcı təyyarəsinin havaya qalxdığını açıqladı. 15 yanvarda baş verən hadisədə, Norveç qırıcılarının ilk dəfə Polşa hava məkanını aktiv şəkildə müdafiə etmək üçün havaya qalxaraq, NATO-nun şərq cinahına olan bağlılığını göstərdiyi qeyd olundu.

 

Mövzu ilə bağlı "informator.az" a açıqlamasında politoloq Tural İrfan bildirib ki , Rusiyaya güc nümayişindən doğan NATO qırıcılarının havaya qalxması Polşanın hava məkanının pozulmasına cavab idi:

 

"Rusiya təyyarələri də həmçinin Qərbə, təslim olmayacağını, lazım gələrsə hətta NATO ilə də savaşa biləcəyini göstərmək istəyir.

Hesab edirəm ki, bu güc nümayişlərinə baxmayaraq, Trampın prezidentlik fəaliyyətinə başlamasından sonra Ukrayna müharibəsinin dayandırılmasına daha çox zaman ayrılacaq, nəinki müharibənin daha da qızışmasına. Rusiya ilə ABŞ arasında bu barədə müəyyən istiləşmə də müşahidə olunurdu. Lakin bu ərəfədə baş verən məlum hadisələr onu göstərir ki, bu müharibənin durmasını istəməyən qüvvələr var".

 

Politoloqun sözlərinə görə, həm ABŞ, həm də Rusiya yanlıları arasında bu müharibənin davam etməsini istəyənlər var:

 

" Mümkündür ki, baş vermiş bu güc nümayişində o hesablanıb. NATO-nun bu reaksiyası təbiidir və üzv ölkələrinə istənilən hərbi təzyiqə qarşı öz gücünü nümayiş etdirə bilər. Təbii ki, NATO-nun üzvü olan Türkiyə üçün də bu məqbuldur. Əgər onun da hava məkanına kənar müdaxilə olarsa, bu zaman NATO qüvvələri işə qarışa bilər.

NATO-Rusiya münasibətlərinin müharibə həddinə çatacağına inanmıram. Ona görə ki, elə də böyük əsas olmadan Tramp hakimiyyətinin və bir çox dünya ölkəsinin bu savaşı dayandırmaq ərəfəsində olduğu dövrdə yenidən daha böyük savaşın təməlini qoymaq Qərb üçün də fəlakətlə nəticələnə bilər və dünya müharibəsinə zəmin yaradar.

Odur ki, qızışdırıcı amilləri və qüvvələri neytrallaşdıra bilsələr, soyuq başla bu savaşın sülhlə yekunlaşması mümkündür. Sadəcə Trampın inauqurasiya mərasiminin baş tutacağı 20 yanvara kimi ola bilsin ki, onun əleyhinə olan qüvvələr, ki dəfələrlə hətta ona qarşı sui-qəsd də təşkil ediblər, kəşfiyyat orqanları vasitəsilə Rusiyanı da təxribata çəkələr ki, sülhə zəmin yaranmasın. Rusiya etiraf etməsə də artıq onun da daxilinə işləyən Qərb təsirləri var. Hesab edirəm ki, həm ABŞ, həm də Rusiya tərəfinin daxilində görünməyən, dərin dövlət anlayışını ehtiva edən qüvvələr dünyadakı gedişatı tam fərqli məcraya çəkmək istəyirlər".

 

Aygün Babayeva