"Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi çox çətin prosesdir"-Politoloqdan ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 19:09 23.01.2025
"Ermənistanın Avropa İttifaqına üzvlük məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Bu prosesin uğurla həyata keçirilməsi üçün Avropa standartlarına uyğun islahatlar aparılmalıdır. Lakin hazırkı vəziyyətdə Ermənistanın bu istiqamətdə ciddi addımlar atdığı müşahidə olunmur. Bundan əlavə, bu addımı Rusiyaya yönəlmiş siyasi mesaj kimi də dəyərləndirmək olar".
Bu sözləri "İnformator.az"a açıqlamasında politoloq Samir Hümbətov deyib.
Onun sözlərinə görə, Ermənistan hələ də çox istiqamətlərdə Rusiyadan aslı vəziyyətdə olduğu üçün bu prosesin həyata keçirilməsi müəmmalıdır:
"Ermənistanın iqtisadi və siyasi proseslərinin hələ də Rusiyadan ciddi şəkildə asılı olduğunu nəzərə almalıyıq. Bu, xüsusilə ölkənin ixrac potensialında özünü göstərir. Ermənistanın istehsal etdiyi məhsullar ,əsasən, Rusiya bazarlarında satılır və Avropa bazarlarına çıxış üçün nə iqtisadi, nə də infrastruktur baxımından hazır deyil. Bu istiqamətdə irəliləyiş əldə etmək üçün yeni marşrutlar və strategiyalar hazırlanmalıdır".
Politoloq bu proseslərin həyata keçirilməsi üçün Ermənistanın qonşu ölkələrlə əməkdaşlığı gücləndirməsinin zəruri olduğunu da qeyd edib:
"Ermənistanın Azərbaycan və Türkiyə ilə əlaqələrin zəif olduğunu nəzərə aldıqda bu prosesin reallaşması böyük çətinliklərlə müşayiət olunur. Qonşu ölkələrlə münasibətlərin normallaşması, həm siyasi, həm də iqtisadi inteqrasiyanın mühüm tərkib hissəsidir. Rusiyanın Ermənistanla münasibətləri isə əsasən Ermənistanın siyasi seçimləri ilə formalaşır. Əgər Ermənistan Rusiyanın maraqlarına zidd mövqe sərgiləsə, bu, Rusiyanın sərt reaksiyasına səbəb ola bilər. Bu qarşılıqlı asılılıq Ermənistanın həm daxili, həm də xarici siyasətində mühüm təsirə malikdir və yaxın gələcəkdə də bu vəziyyətin dəyişməsi çətin görünür",-deyə o, fikirlərini yekunlaşdırıb.
Mayıl Soltanov