Ali Təhsildə Xarici Dil Biliklərinin Təkmilləşdirilməsi

Bölmə: Sosial › ,
Tarix: 22:06 27.01.2025

 Bu günkü ali təhsilin əsas prioritet məsələlərindən biri tələbələrə mükəmməl xarici dil bilikləri öyrətməkdir. Düzdür, bu bütün ixtisaslar üçün keçərli olmasa da, əksər ixtisaslar üçün vacibdir.

 

Məsələ ilə bağlı təhsil eksperti Cahid İmanlı "informator.az" saytına açıqlamasında bildirib ki, Azərbaycanın ali təhsil sistemində kifayət qədər savadlı tələbələr yetişsə də, onların xarici dil biliklərinin aşağı olması gələcək karyeralarında çətinliklərə səbəb olur:

 

 "Çox zaman universiteti bitirdikdən sonra xaricdə iş imkanları yaranır, amma məhz xarici dil biliklərinin yetərsizliyi üzündən bu imkanlar reallaşmır. Maraqlı olan budur ki, həmin tələbənin universitet dövründə xarici dil üzrə akademik göstəriciləri yüksək olsa da, praktikada bu biliklər yetərli olmur.

Bu məqamda isə bir çox suallar meydana çıxır: 

"Ali təhsil müəssisələrində xarici dil dərsləri hansı səviyyədə keçirilir?", "Dərs saatlarının miqdarı tələbələrə bu fənni tam mənimsəməyə imkan verirmi?", "Xarici dil öyrənmək üçün tələbələr yüksək ixtisaslı pedaqoji kadrlar, müasir lingvistika otaqları və digər resurslarla təmin olunurlarmı?" 

Görünən odur ki, hələ də ali təhsil müəssisələrində bir çox tələbənin xarici dil bilikləri universitet dövründə normal səviyyədə olmur".

 

Ekspertin sözlərinə görə bir sıra reytinqli və ixtisaslaşmış universitetlərdən başqa, digər ali təhsil müəssisələrində xarici dil dərsləri yüksək səviyyədə keçirilməməkdədir: 

 

"Bu sahədə uğur qazanan tələbələrin çoxu əlavə dil kurslarına qatılaraq xarici dil biliklərini inkişaf etdirirlər.

Ali təhsil müəssisələrinin xarici dil üzrə qiymətləndirmə sisteminin şəffaflığını təmin etmək üçün iki əsas yol mövcuddur:

" Tələbələr, ya Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanlardan keçib uğur qazanmalı, ya da beynəlxalq səviyyədə tanınan dil sertifikatları əldə etməlidirlər. Beləliklə, universitetlər və müəllimlər də öz nəticələrinin yüksək olmasında maraqlı olacaqlar. Bu yanaşma həm tələbələrin xarici dil biliyinin real səviyyəsini ölçəcək, həm də təhsil müəssisələrinin keyfiyyətini artıracaqdır".

 

Çinarə Tarverdiyeva