"Azərbaycanın zərgərlik sənəti yalnız yerli bazarla məhdudlaşmır"

Tarix: 23:29 27.01.2025
“Azərbaycan zərgərlik sənəti zəngin mədəni irsi və ənənəvi üsulları bir araya gətirərək qlobal bazarda artan maraqla qarşılanır. Xüsusilə Türkiyə və Orta Asiya ölkələrində tanınan bu sənət, beynəlxalq sərgilər və tədbirlər vasitəsilə xarici bazarlarda mövqeyini gücləndirir. “Zineti-Zishan", "Dastan", "Minalı", "Butalı" və "İrs" kimi milli brendlər qədim texnikaları müasir dizaynlarla birləşdirərək unikal məhsullar təqdim edir”.
Bu sözləri Azərbaycan Zərgərlər Assosiasiyasının İdarə Heyətinin sədrinin müavini Rövşən Əmircanov “İnformator.az”a açıqlamasında deyib.
O qeyd edib ki, hazırda Azərbaycanda təxminən 5000 zərgər fəaliyyət göstərir ki, bu da ölkənin zərgərlik sənayesinin böyük potensialından xəbər verir:
“Azərbaycan Zərgərlər Assosiasiyası milli brendlərin beynəlxalq sərgilərdə iştirakını təmin edərək, onların xarici bazarlarda tanınmasına mühüm töhfə verir. Qədim üslub və innovasiyaların vəhdəti nəticəsində bu milli brendlər həm ölkə daxilində, həm də beynəlxalq arenada tanınırlar.
Dövlət dəstəyi bu sahədə xüsusi əhəmiyyət kəsb edir. Zərgərlik peşəsinin davamlı inkişafı üçün xüsusi tədris proqramları və təlim kurslarının təşkili həyata keçirilir. Bununla yanaşı, yerli brendlərin reklam kampaniyalarının genişləndirilməsi, onlayn satış platformalarında məhsulların təqdimatı və beynəlxalq sərgilərdə tanıtımı istiqamətində dəstək göstərilir.
Azərbaycan Zərgərlər Assosiasiyası beynəlxalq zərgərlik sənayesi üzrə bazar araşdırmaları həyata keçirir. Azərbaycanın zərgərlik sənəti yalnız yerli bazarla məhdudlaşmır, eyni zamanda beynəlxalq arenada da öz mövqeyini möhkəmləndirir. Bu baxımdan Türkiyə, Orta Asiya, Şimali Qafqaz və digər regional bazarların alıcılıq qabiliyyətinin, eləcə də həmin bazarlara çıxış imkanlarının araşdırılması mühüm əhəmiyyət daşıyır.
Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi ölkələrdə milli motivlərlə bəzədilmiş zərgərlik məmulatlarımıza hər zaman yüksək maraq müşahidə olunub. Bu regionlar mədəniyyət və incəsənət baxımından Azərbaycanın zərgərlik ənənələrinə yaxınlığı ilə fərqlənir və geniş bazar potensialına malikdir. Həmin ölkələrdə keçirilən sərgilərdə iştirak və yerli alıcılarla əlaqələrin gücləndirilməsi Azərbaycan şirkətləri üçün yeni imkanlar yaradır. Körfəz ölkələri (BƏƏ, Səudiyyə Ərəbistanı), Türkiyə və Avropa bazarları da Azərbaycan zərgərlik məhsulları üçün böyük potensiala malikdir. Xüsusilə milli brendlərin bu bazarlarda tanıdılması maraqla qarşılanır və müsbət nəticələr verir.
Beynəlxalq sərgilərdə iştirak və milli brendlərin təbliği istiqamətində görülən işlər Azərbaycanın zərgərlik sənətinin dünyada tanınmasına töhfə verir. Azərbaycanın zəngin zərgərlik ənənələri qədim dövrlərdən bəri nəsildən-nəslə ötürülərək bu gün də müasir dizaynerlər üçün ilham mənbəyidır. Azərbaycan zərgərlik sənətində rast gəlinən "səkkizguşəli ulduz", "buta" və digər milli ornamentlər dizaynların əsasını təşkil edir. Bu motivlər yalnız məhsulun estetik gözəlliyini artırmaqla kifayətlənmir, eyni zamanda, milli kimliyin və mədəni dəyərlərin ifadəsi kimi çıxış edir. Hər bir ornament özündə tarixi və mənəvi məna daşıyır, bu da zərgərlik məhsullarını yalnız aksesuar kimi deyil, həm də bir sənət əsəri kimi qiymətləndirilməsinə səbəb olur. Qədim dövrlərdə zərgərlərin yaratdığı qızıl və gümüş kəmərlər, sırğalar, boyunbağılar və bilərziklər bu gün də dizaynerlər üçün ilham mənbəyi olmaqda davam edir. Bu zərgərlik nümunələri milli ornamentlərin, işçilik bacarığının və yaradıcılığın sintezini təcəssüm etdirir. Müasir dizaynerlər bu irsdən bəhrələnərək, ənənəvi elementləri yenidən şərh edir və onları müasir zövqlə uyğunlaşdıraraq, bazarlarda fərqlənən dəyişik məhsullar yaradır”.
Müsahibimiz sözlərində qeyd edib ki, Azərbaycan zərgərlik sənəti tarixən ölkənin müxtəlif bölgələrində inkişaf edib, hər bir bölgə isə özünəməxsus üslubu ilə seçilib:
“Şəki, Şirvan, Gəncə və Bakı ustaları qədim dövrlərdən incə işçilik, minaçılıq texnikası və qızıl-gümüş zərgərlikdə mürəkkəb naxışların işlənməsi ilə tanınmışdır. Bu bölgələrin zərgərlik irsi, qədim motivlərin müasir dizaynlarda yenidən canlandırılması ilə xüsusi dəyər qazanır. Eyni zamanda, Azərbaycanın qədim zərgərlik nümunələri müxtəlif muzeylərdə sərgilənir ki, bu da milli irsin qorunmasına və daha geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verir. Azərbaycan Zərgərlər Assosiasiyasının dəstəyi ilə ənənəvi zərgərlik texnikalarının qorunması məqsədilə gənc ustalar üçün təlimlər təşkil edilir, peşəkar təhsil proqramları hazırlanır və maarifləndirmə tədbirləri həyata keçirilir. Azərbaycan zərgərlik sənəti həm milli irsin qorunması, həm də müasir bazarlara inteqrasiya baxımından böyük potensiala malikdir. Dövlət dəstəyi ilə milli zərgərlik nümunələrinin beynəlxalq səviyyədə tanıdılması təmin edilir. Azərbaycanın zəngin mədəni irsi və tarixindən ilhamlanan zərgərlik brendləri ölkə xaricində uğurla təqdim olunur”.
Nərmin Həşimova