Nəsli kəsilmiş heyvanları geri qaytarmaq mümkün olmaya bilər

Bölmə: Maraqlı › ,
Tarix: 12:07 29.01.2025

1990-cı illərdə Yura Parkı filmi böyük ekranlara çıxdıqdan bəri insanlar nəsli kəsilmiş heyvanları yenidən həyata qaytarmaq fikri ilə maraqlanıblar.

 

Kopenhagen Universitetinin alimlər qrupu bunu reallaşdırmağa çalışaraq 1900-cü illərin əvvəllərində nəsli kəsilmiş Milad adası siçanını öyrənir.

 

Müasir dövrdə yaşayan qonur siçanları istinad nöqtəsi kimi istifadə edərək, komanda Milad adası siçanının genetik profilini – genomunu yaratmağa çalışıb.

 

Genomu, bir heyvanın qurulması, böyüməsi və inkişaf etməsi üçün lazım olan bütün məlumatları özündə saxlayan tam genetik təlimatlar toplusu kimi düşünə bilərik.

 

Bir çox cəhddən sonra alimlər yalnız Milad adası siçanının genomunun 95%-ni bərpa edə biliblər. Bu isə o deməkdir ki, yenidən doğulan siçan mühüm xüsusiyyətlərdən məhrum olacaq.

 

Alimlər siçanın qoxu hissini və immunitetini bərpa edə bilməyiblər. Bu da o deməkdir ki, o, xarici görünüşcə eyni olsa da, yaşamaq üçün ciddi çətinliklər çəkəcək.

 

5% fərq az kimi görünsə də, insanın genetik profilinin şimpanzeninkindən cəmi 1% fərqləndiyini nəzərə almaq vacibdir.

 

Araşdırmanın baş müəllifi Tom Gilbert bildirib: “Buradan çıxan nəticə odur ki, hətta əlimizdə mükəmməl qədim DNT nümunəsi olsa belə, biz yenə də onun 5%-ni bərpa edə bilmirik".

 

Mənbə: BBC

Nuray Qurbanlı