Süni İntellekt Superbakteriya Problemini İki Gündə Həll Edib

Bölmə: Maraqlı › ,
Tarix: 20:00 21.02.2025

Süni intellekt iki günə alimlərin illərlə həll edə bilmədiyi superbakteriya problemini həll edib.

 

Mikrobioloqların on il ərzində araşdırıb həll etməyə çalışdığı mürəkkəb problemi yeni süni intellekt (Sİ) aləti cəmi iki günə həll edib.

 

İmperial Kolleci Londonun professoru Xose R. Penades və onun komandası illərlə bəzi superbakteriyaların antibiotiklərə qarşı niyə immunitet qazandığını araşdırıb və sübut etməyə çalışıb.

 

O, Google-ın hazırladığı “co-scientist” adlı alətə araşdırdığı əsas problem barədə qısa sorğu göndərib və Sİ cəmi 48 saat ərzində eyni nəticəyə gəlib.

 

Penades, süni intellektin bu qədər tez həll tapmasından şoka düşdüyünü bildirib, çünki onun araşdırması hələ yayımlanmamışdı və bu səbəbdən Sİ-nin açıq mənbələrdən həmin məlumatları əldə etməsi mümkün deyildi.

 

“O anda alış-verişdə idim, bir nəfərlə birlikdə idim və ona dedim: ‘Mənə bir saat vaxt ver, bunu həzm etməliyəm’” – deyə o, bildirib.

 

“Ondan sonra Google-a e-mail yazıb soruşdum: ‘Siz mənim kompüterimə giriş əldə etmisiniz?" – deyə əlavə edib.

 

Lakin texnologiya nəhəngi bu iddianı təkzib edib.

 

Alimlərin on il sərf etdiyi müddətə yalnız problemin araşdırılması deyil, həm də sübut olunması prosesi daxil idi ki, bu da bir neçə il çəkib.

 

Lakin onlar bildiriblər ki, əgər tədqiqatın əvvəlində bu hipotezə sahib olsaydılar, illərlə vaxt itirməkdən qurtula bilərdilər.

 

BBC

Nuray Qurbanlı