Qlobal istiləşmə Amazon meşəsini kritik həddə çatdıra bilər

Tarix: 12:09 29.01.2025
Amazon yağış meşəsi elə bir "kritik həddə" çata bilər ki, ağaclar artıq böyüyə bilməz və nəticədə bu meşəni tamamilə itirə bilərik, alimlər xəbərdarlıq edirlər.
Amazon yağış meşəsi Cənubi Amerikada, əsasən Braziliyanın şimal-qərb hissəsini əhatə edir və Kolumbiyaya qədər uzanır. Bu, dünyanın ən böyük yağış meşəsidir.
30 illik məlumatlara əsaslanan elmi araşdırma göstərib ki, iqlim dəyişikliyinin səbəb olduğu quraqlıq, yanğınlar və meşələrin qırılması nəticəsində Amazon meşəsindəki ağacların bərpa olunması getdikcə çətinləşir.
Bu o deməkdir ki, ağaclar məhv olduqda, yenilər kifayət qədər sürətlə böyüyə bilmir və meşənin bütövlüyü qorunmur. Mütəxəssislər bu vəziyyəti "kritik hədd" adlandırırlar.
Ekseter Universitetindən Dr. Kris Boulton bildirib: "Ağaclar sağlamlığını itirir və kritik həddə yaxınlaşa bilər – yəni kütləvi ağac itkisi baş verə bilər".
Bu baş verərsə, ətraf mühit üçün ciddi təhlükələr yarana bilər.
İqlim dəyişikliyinə baxmayaraq, Amazon meşəsində orta illik yağıntı miqdarı son onilliklərdə çox dəyişməyib.
Lakin quraq mövsümlər uzanıb, quraqlıqlar daha çox və daha şiddətli olub, ağaclar isə bu dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir.
Amazon iqlim dəyişikliyinə qarşı mübarizədə çox vacib rol oynayır.
Dünyanın ən böyük yağış meşəsi olan Amazon atmosferdən karbon qazını (CO₂) udur və saxlayır. Karbon qazı isə insanların enerji istifadəsi və nəqliyyat zamanı atmosferə buraxdığı istixana qazlarından biridir.
İstixana qazları qlobal istiləşməyə səbəb olur.
Lakin alimlər xəbərdarlıq edirlər ki, Amazon meşəsi getdikcə daha çox savannaya – ağacların az olduğu geniş otlaq ərazilərinə – çevrilə bilər. Bu isə CO₂-ni indiki qədər effektiv tuta bilməyəcək.
Mənbə: BBC
Nuray Qurbanlı