Arsenal Liverpool ilə xal fərqini 6-ya endirdi

Tarix: 14:13 03.02.2025
Arsenal, Emirates Stadionunda Manchester City-ni darmadağın edərək Premyer Liqa lideri Liverpool ilə xal fərqini altıya endirdi.
“Topçular” yalnız qələbənin kifayət edəcəyini bilirdi, çünki Liverpool Bournemouth-da qalib gələrək turnir cədvəlinin zirvəsində mövqeyini möhkəmləndirib. “Arsenal” isə bu çağırışa cavab olaraq zəifləyən çempionu darmadağın etdi.
“Arsenal” " Liverpool”-dan bir oyun artıq keçirsə də, bu möhtəşəm qələbə onların Arne Slot-un komandasından çox da uzaqlaşmamasını təmin etdi.
“Manchester City”, səkkiz gün əvvəl “Chelsea”-yə qarşı olduğu kimi, bu dəfə də rəqibinə erkən üstünlük qazandırdı. Matçın cəmi ikinci dəqiqəsində müdafiəçi Manuel Akanji topu itirdi, ardından Arsenalın kapitanı Martin Odeqard Kai Havertz-in ötürməsini qola çevirdi.
“Arsenal”, ilk hissədə Havertz-in boşa verdiyi böyük fürsətin peşmançılığını yaşayacağını düşünürdü, lakin 55-ci dəqiqədə Erling Haaland başla vurduğu qolla City-ni hesabda bərabərləşdirdi. Ancaq Arsenalın üstünlüyü cəmi iki dəqiqə sonra bərpa olundu – Tomas Parteyin zərbəsi John Stones-a dəyərək istiqamətini dəyişdi və qapıçı Stefan Orteqanı çaş-baş qoydu.
Xalların taleyi isə 62-ci dəqiqədə həll olundu.
18 yaşlı Myles Lewis-Skelly “Arsenal”forması ilə ilk qolunu vurdu – onun güclü zərbəsinə Ortega toxunsa da, topun qapıya daxil olmasının qarşısını ala bilmədi.
City bu mövsümdə bir daha sarsılarkən, Havertz 76-cı dəqiqədə əvvəlki qaçırdığı imkanı unutduraraq sol ayağı ilə dəqiq zərbə endirib topu uzaq küncə göndərdi.
“Arsenal” üçün daha da gözəl an isə 17 yaşlı Ethan Nwanerinin Declan Rice-ın mükəmməl ötürməsindən sonra uzaq küncə vurduğu möhtəşəm qolla gəldi.
Mənbə: BBC Sport
Aytac Mustafayeva