İranlı komandirlərdən Xameneiyə çağırış

Bölmə: Dünya › ,
Tarix: 13:39 10.02.2025

ABŞ-nin İrana qarşı təzyiqlərinin artması fonunda İranın yüksək rütbəli hərbi komandirləri Ali Rəhbər Əli Xameneiyə nüvə silahına sahib olma çağırışı ediblər. Xameneinin nüvə silahının inkişaf etdirilməsini qadağan edən fətvasının yenidən nəzərdən keçirilməsinin vacibliyi vurğulanır.

 

XAMENEİYƏ NÜVƏ SİLAHI ÇAĞIRIŞI: FƏTVANI GERİ ÇƏKİN

 

İngiltərə mərkəzli The Telegraph qəzetinin məlumatına görə, İnqilab Keşikçiləri Korpusunun komandirləri Qərbdən gələn "mövcudluq təhlükələrinə" qarşı Xameneiyə nüvə silahı istehsal etməyə çağırış ediblər. İranın yüksək rütbəli hərbi rəhbərləri, Tehran rejiminin davam edə bilməsi üçün Ali Rəhbər Əli Xameneinin nüvə silahı istehsalını qadağan edən fətvanı geri çəkməsinin zəruri olduğunu bildiriblər.

 

"TƏZYİQLƏR HEÇ VAXT BU QƏDƏR ÇOX OLMAYIB "

 

"Nüvə silahı hazırlamağa cəmi bir neçə addım qaldı, lakin bu məsələyə qarşı təzyiqlər və əsaslandırmalar heç vaxt indiki qədər çox olmayıb. Hazırda qarşılaşdığımız mövcudluq təhlükəsi, daha əvvəl Ali Rəhbərin göstərişlərini yerinə yetirməkdə israr edən bir çox yüksək rütbəli rəhbərləri nüvə silahı istehsalına yönəldib".

 

Xameneinin fətvasının hələ də qüvvədə olduğu, lakin şiə İslam idarəetməsindəki qaydaların "zamana və şərtlərə görə" dəyişə biləcəyi də vurğulanıb. Bu çərçivədə, İranın "başqa çıxış yolu qalmadığı üçün nüvə bombası sınaqları aparmalı olduğu" qeyd edilib.

 

İran parlamentinin onlarla üzvü ötən il Yüksək Milli Təhlükəsizlik Şurasına ölkənin nüvə siyasətini yenidən nəzərdən keçirməsi üçün çağırış edib.

 

Xameneinin müşavirlərindən Kəmal Xərrazi 2024-cü ilin noyabr ayında verdiyi açıqlamada dini liderin fətvasının İranın nüvə silahı istehsal etməsinin qarşısındakı yeganə maneə olduğunu bildirib. Xərrazi, "İran mövcudluq təhlükəsi ilə üzləşərsə, hərbi doktrinamızı dəyişdirməkdən başqa seçimimiz qalmayacaq. Artıq silah istehsal etmək üçün texniki potensialımız var, bizi bundan yalnız nüvə silahlarını qadağan edən dini hökm saxlayır" deyib.

 

İran İnqilab Keşikçiləri Korpusuna bağlı bir sosial media hesabı isə ötən həftə İranın nüvə silahı istehsal edə biləcək texniki qabiliyyətə sahib olduğunu iddia edib.

 

Mənbə: Haberler

Aygün Babayeva