Sevgi və ehtiras: Xəyal ilə həqiqətin fərqi

Bölmə: Maraqlı › ,
Tarix: 15:25 10.02.2025

İnsan aşiq olarkən əvvəlcə düşünür ki, aşiq olub. Lakin zaman keçdikcə aşiq olduğu insanın davranışları və reaksiyaları ona uyğun olmadıqda, o zaman sevginin nə olduğunu daha yaxşı başa düşməyə başlayır.

 

Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova "informator.az" a açıqlamasında bildirib ki, əslində, insanın aşiq olduğu bir insana qarşı duyduğu hisslər çox zaman onun xəyalındakı və ya idealize etdiyi insana aiddir:

 

"Əgər insan özünün idealize etdiyi şəxsə aşiq olubsa, bu, zamanla həqiqi münasibətlərdə hər zaman uzun müddət davam edə bilmir, çünki o şəxs, həyatdakı gerçəkliklərə əsaslanır. 

Bu halda, aşiq olduğumuz şəxsin bir hissəsi real həyatın təzahürüdür, amma bəzən də bu hisslər öz xəyalımızın yansıması ola bilər. Xəyal etdiyimiz insanla real həyatda tanış olduğumuz və onu tanıdıqca əlaqəmizdəki fərqliliklər bu münasibətin davam etməməsinə səbəb olur. Kişi və ya qadın, qarşısındakı şəxsdən istədiklərini və arzu etdiyi davranışları görmədikdə, həmin münasibət daha çox xəyalda qalan bir sevgi formasına çevrilir və zamanla sevgi birləşmə yerinə ayrılığa səbəb olur". 

 

 

Psixoloq sevgi və ehtiras arasındakı fərqlərin də bu kontekstdə böyük rol oynadığını qeyd edib: 

 

"Məsələn, yeddi yaşlı bir uşaq ehtiras haqqında düşünə bilmir, çünki onun duyğuları yalnız saf və təmiz sevgiyə əsaslanır. Uşaq sevgisi həqiqi və təmizdir, heç bir fiziki və ya emosional təzyiqi yoxdur. Ancaq böyüklərdə vəziyyət fərqli olur. Sevgi, ilk növbədə hisslərin dərinliyinə yönəlir, amma ehtirasın daxil olduğu münasibətlərdə, bəzən sevginin əvəzini ehtiras alır və bu, insanları güclü bir şəkildə bir-birinə bağlasa da, çox zaman münasibətin davamlılığını pozur. Sevgi ehtirasla qarışanda, əslində tərəflər bir-birinə yalnız fiziki və emosional olaraq bağlı olurlar, amma daha dərin bir bağ yarada bilmir.

Sevgi, münasibətlərin əsasını təşkil edir və münasibətlərə yaxınlıq, hörmət və qarşılıqlı anlaşma ilə davam edir. Bu, çox vaxt hər iki tərəfin bir-birini anlamağa, birlikdə böyüməyə və inkişaf etməyə çalışdığı bir hissdir. Bununla belə, ehtiras, əsasən bu bağın bir hissəsi olaraq ortaya çıxır, amma doğru və uzunmüddətli bir əlaqənin qurulması üçün yalnız ehtiras deyil, həm də qarşılıqlı sevgi və hörmət çox önəmlidir. 

Sevgi ilə əlaqəli olan digər əsas məsələlərdən biri də, sevgi və ona bənzər digər münasibətlər arasındakı fərqləri başa düşməkdir. Sevgi, sadəcə arzu və ehtirasdan ibarət deyil. Sevgi birgə səy, təqdir və özünü tərəfdaşına həsr etməklə inkişaf edən bir hissdir. Sevgi və onun bənzəri olan münasibətlər arasındakı fərqi anlamaq, fərdi münasibətlərdə daha sağlam bir əsas qurmağa imkan yaradır".

 

Çinarə Tarverdiyeva