“Harry Potter” nəşri 21 min funt sterlinqə satıldı
Bölmə: Maraqlı › ,Tarix: 20:12 10.02.2025
Əvvəlcə bu nəşrin 40 min funt sterlinqə satıla biləcəyi ehtimal edilirdi.
Zibilə atılmaq təhlükəsi ilə üzləşən nadir ilk nəşr olan “Harry Potter və Fəlsəfə Daşı” kitabı hərracda 21 min funt sterlinqdən çox məbləğə satıldı. Bu barədə BBC məlumat verib.
Harry Potter və Fəlsəfə Daşı kitabının nadir ilk nəşri NLB Auctions hərracında satılıb. Kitabı hərrac evinin rəhbəri Daniel Piers tapıb.
Bu nəşrin əvvəlki sahibi Brixem şəhərindən olan və artıq vəfat edən bir kişi idi. Kitab onun qohumlarının evində, zibilə atılmaq üçün ayrılmış kitab yığınının arasında aşkar edilib.
Piersin sözlərinə görə, kitab əla vəziyyətdədir. Adətən bu nəşrlər hərraca cırılmış və ya zədələnmiş formada çıxarılır. Bu nüsxənin yaxşı vəziyyətdə qalmasının səbəbi uzun müddət kitabxanada saxlanılmasıdır.
Kitab 1997-ci ildə cəmi 500 nüsxə tirajla çap olunub. Onlardan 300-ü kitabxanalara və məktəblərə göndərildiyi üçün ya qorunmayıb, ya da pis vəziyyətdədir. Məhz bu nüsxənin çapında, digər ilk tiraj kitablarında olduğu kimi, Bloomsbury nəşriyyatı bir neçə səhvə yol verib. Məsələn, arxa üz qabığında “philosopher’s” əvəzinə “philospher’s” yazılıb, 53-cü səhifədə isə “one wand” ifadəsi iki dəfə təkrarlanıb.
J.K. Rowlingin Harry Potter seriyasının ilk nəşrləri tez-tez hərraca çıxarılır. 2024-cü ildə belə bir nüsxə 45 min funt sterlinqə, 2021-ci ildə isə 471 min dollara satılıb. 2022-ci ildə isə Edinburq sakini Harry Potter and the Chamber of Secrets kitabına görə təxminən 4 min funt sterlinq əldə edib.
Mənbə :PravilaMag
Aytac Mustafayeva