Telefon oyunları əngəl kimi!

Bölmə: Maraqlı › ,
Tarix: 13:51 12.02.2025

Telefon oyunları uşaqların asudə vaxtlarını maraqlı keçirməsinə kömək etsə də, bəzən bu, ifrat dərəcəyə çata bilir, hətta uşaqlar sırf oyunun təsirinə düşüb özlərinə qəsd edə bilirlər. Biz bunu "Mavi Balina" kimi oyunlarda və digər oxşar hallarda müşahidə etmişik. Bununla bərabər, oyunlar uşaqların vaxtını səmərəli keçirməsinin qarşısını alan və onların əsas inkişaf yönlərini əngəlləyən faktorlardan biridir. 

 

Mövzu ilə bağlı sosial məsələlər üzrə ekspert, sosioloq Lalə Mehralı "informator.az"a  verdiyi açıqlamada bildirib ki, texnologiyadan və internetdən nəzarətsiz istifadə nəticəsində yaranan davranış asılılıqları da aludəçilikdir və əlavə edib:

 

“Oyun oynamaq da bunlardan biridir. Oyunların özündən asılı salan ehtivası var, uşaqlar buna görə aludə olur. Asılılığa səbəb olan amillər əslində bir deyil, bir neçə amildir. Asılılıq prosesinə psixoloji və bioloji amillər təsir edir. İnsan əvvəlcə maraq səbəbindən ondan istifadə etməyə cəhd edə bilər, zamanla isə asılı olur. Asılılıq beyindəki dopaminə təsir göstərir. Dopamin hormonu düşüncə, hiss, motivasiya, hərəkət, diqqət və qərar qəbul etmə kimi bir çox əsas funksional proseslərdə iştirak edir. Dopamin hormonunun zədələnməsi nəticəsində beyin düzgün işləməməyə başlayır və beləcə davamlı asılılıq yaranır. Ona görə də asılılığı həm də beyin xəstəliyi kimi qəbul edə bilərik”. 

 

Sosioloqun fikrincə, uşaqlar oyunun verdiyi zərərləri anlamır və ətraf mühitin təsiri ilə bunu normal qəbul edirlər:

 

“Həyat tərzimizin getdikcə dəyişməsi, işləyən anaların sayının artması, oyunların onlayn müstəviyə keçməsi, əvvəlki kimi yoldaşlıq və dostluq əlaqələrinin olmaması uşaqları kompüter ekranlarına bir az da yaxınlaşdırır. Televizor, planşet, telefon, kompüterlə evdə hər addımda rastlaşan uşaq onun gündəlik oyun üçün nəzərdə tutulduğunu düşünür. Xüsusilə də məktəblərdə dərslərin kompüterlə tədris edilməsi bu problemin böyüməsinə səbəb olur. Düzdür, texnoloji yeniliklər dövründə bu, uşaqlarımız üçün üstünlükdür, amma hər uşaq əlində bir kompüter, limitsiz internetlə istədiyi onlayn platformada gəzə, oyun oynaya, film izləyə bilir. Həm də valideyndən xəbərsiz. Belə olan halda necə "internet təhlükəsizdir" demək olar?”

 

Sosioloq bu problemin həlli kimi belə təklif irəli sürüb:

 

“Uşaqları onlayn mühitin maraqlı olduğu qədər təhlükəli olması, real dostluqların isə daha uzunömürlü olması barədə məlumatlandırmaq lazımdır. Qadağa üsulu effektiv olmur, çünki nəzarətsiz qalan kimi yenə oynayırlar. Amma təhlükəsini biləndə daha diqqətli ola bilirlər”,- deyə o, fikirlərini yekunlaşdırıb.

 

Mahmud Əskərli