Zehni sağlamlıq və iş həyatının tarazlığı

Tarix: 16:33 12.02.2025
Müasir dövrdə iş və şəxsi həyat arasındakı balansı qorumaq, hər kəs üçün çətin bir tapşırığa çevrilib. İş təzyiqləri, uzun iş saatları və şəxsi həyatın tələbləri arasında düzgün tarazlığı tapmaq zehni sağlamlıq üçün vacibdir. Bu balansı qorumaq, həm işdə məhsuldar olmaq, həm də şəxsi həyatdan zövq almaq üçün əhəmiyyətlidir.
Bu barədə psxiloq Ezgi Şahin "informator.az"a açıqlamasında danışıb.
O bildirib ki, insanlar iş rejiminin ağırlığından özlərinə vaxt ayıra bilmirlər:
"İş həyatı ilə şəxsi həyat arasında balansı qorumaq müasir dövrdə olduqca çətinləşib. İnsanlar iş rejimlərinin ağırlığı səbəbindən günün böyük hissəsini işdə keçirirlər. Özlərinə ayırdıqları zaman isə olduqca məhduddur, hətta bəzən həftənin altı günü işləmək məcburiyyətində qalırlar. Belə vəziyyətdə şəxsi maraqlarla məşğul olmaq, hobbilərə vaxt ayırmaq və ya sadəcə istirahət etmək üçün imkan tapmaq çətinləşir. Bunun nəticəsində insanlarda tez-tez depressiya, stress, gərginlik və sosial təcrid halları müşahidə olunur. Çünki insanlar ünsiyyətdən qaçmağa başlayır və daha çox robotik bir sistemdə işləyirmiş kimi hiss edirlər".
Psixoloq hər gün eyni rejimin təkrarlanmasının və şəxsi vaxtın olmamasının insanlarda tükənmişlik yaratdığını da vurğulayıb:
"Hər gün eyni saatda işə gedib eyni saatda qayıtmaq, gec evə gəlmək və şəxsi vaxtın olmaması insanlarda yorğunluq və mənəvi tükənmişlik yaradır. Psixoloq olaraq mən həmişə vurğulamışam ki, işdən sonra insan özünə vaxt ayırmalıdır. Bu, sadə bir fəaliyyət olsa belə, məsələn, bir fincan qəhvə içmək, təmiz havada gəzmək və ya sevdiyi bir məşğuliyyətlə vaxt keçirmək çox faydalıdır. Əgər bu balans qorunmazsa və həyat yalnız iş və ev arasında rutindən ibarət olarsa, bu, insanı qaçınılmaz şəkildə tükəndirər və depressiyaya sürükləyər.
Nə qədər çox qazanc əldə etsələr də, şəxsi həyatın olmaması uzun müddətdə insanların psixoloji sağlamlığına ciddi təsir göstərir. Buna görə də iş və şəxsi həyat arasında balansın qorunması vacibdir ki, insanlar hobbilərinə, sevdiklərinə və özlərinə vaxt ayıraraq daha sağlam və xoşbəxt bir həyat sürə bilsinlər".
Nuray Qurbanlı